“Əsrlər boyu imperiyalar, dövlətlər quraraq zəngin dövlətçilik ənənəsinə sahib olan Azərbaycan xalqı ötən əsrin sonlarında tarixi, taleyüklü sınaqlarla qarşı-qarşıya idi”.
Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, hakimiyyət çəkişmələri xalqın milli birliyinə nail olmaq əvəzinə anarxiyaya yol açan siyasət və erməni işğalı yeni müstəqilliyini qazanmış ölkəmizi yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu:
“Dövlətin, xalqın ağır günündə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını uğurla həyata keçirdi.
Ümummilli Liderin hakimiyyət dövrü dövlətçilik inkişafının məzmun və mündəricə etibarilə yeni mərhələsini, sabitlikdən modernləşməyə keçidini təmin etdi.
Birinci mərhələdə dövlətçilik institutu yaradıldı, ictimai-siyasi sabitlik əldə edildi və siyasi sabitlik fonunda etibarlı iqtisadi inkişaf modeli tətbiq edildi”.
Millət vəkili vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin işlək mexanizmə çevirdiyi demokratik-hüquqi dövlət konsepsiyası cənab Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək modern Azərbaycan dövləti konsepsiyasına çevrildi:
“Dövlət rəhbərimizin bərabərhüquqlu, müstəqil və çoxvektorlu siyasəti nəticəsində Azərbaycan qlobal müstəvidə söz sahibi olan dövlətlər sırasına yüksəldi.
Tam əminliklə qeyd edə bilərəm ki, bu gün ölkəmiz tarixinin ən güclü dövrünü yaşayır. İnsanların ortaq məqsədlərə yönəlməsi, milli kimliyin təşəkkül tapması, ictimai-siyasi sabitliyin artması xalq arasında vəhdət hissini gücləndirib.
Cənab Prezident İlham Əliyevin sistemli, ardıcıl yanaşması, praqmatik və çevik siyasəti ilə inqilabi səciyyə daşıyan islahatları nəticəsində ölkədə milli birlik ən yüksək səviyyəsinə çatıb”.
Günay Ağamalı qeyd edib ki, 44 günlük Vətən müharibəsi milli birliyimizin təntənəsi idi:
“Ordu, xalq və Ali Baş Komandan vəhdəti tarixi Zəfərimizin təminatçısı oldu. Hər bir azərbaycanlı “Dəmir Yumruq” ətrafında sıx birləşərək ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş bütün qətliamların, saysız cinayətlərin qisasını aldı.
Milli birliyimiz iki əsrdir torpaqlarımız üzərində qurulan məkirli planları iflasa uğratdı. İstər müharibə, istərsə də postmüharibə dönəmində ölkəmizə qarşı anti-Azərbaycan qüvvələrinin təhdidləri, təxribatları heç bir nəticə vermədi.
Xalqımız dövlət başçımızın apardığı həm daxili, həm də xarici siyasətin uğurlu nəticələrinin şahididir.