AZ

ABŞ-ın bu addımı erməni revanşizmini qızışdırır

ABŞ erməni diasporunun çox güclü olduğu iki ölkədən biridir, digəri Fransadır. Erməni diasporu isə türklərə nifrət edən bir toplumdur. Onların ABŞ-ın hər iki partiyadan olan aparıcı siyasətçilərinə, mediaya güclü təsirləri var. Bəzilərini pulla, göstərdikləri xidmətlər qarşılığında ələ alıblar, bəzilərini şantajla, yaxud xristian həmrəyliyi, islamafobiya ilə manipulyasiya etməklə iradələrinə tabe etdiriblər və s. Məhz bunun nəticəsi olaraq ABŞ 1992-ci ildə, Elçibəyin prezidentliyi dönəmində separatizm və işğalla üzləşmiş Azərbaycana sanksiya tətbiq etdi, ölkəmizi ABŞ-ın dövlət dəstəyindən məhrum etdi.
BUTA.TV xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ABŞ və Ermənistan arasında ötən gün imzalanan strateji tərəfdaşlıq sazişi haqqında danışarkən deyib. O bildirib ki, ABŞ-nin bu qərarı erməni işğalçılarını daha da ruhlandırdı, onlar işğalı genişləndirdi:

“Tarixdə ilk dəfə idi ki, qanlı separatizmlə və təcavüzlə üzləşmiş bir ölkə demokratik və dünyanın super gücü olan ABŞ-ın ağlasığmaz, beynəlxalq hüquqa qarşı olan davranışı ilə qarşılaşmışdı. ABŞ-ın erməni işğalına açıq və dolayı dəstəyi, Ermənistanı işğalçı dövlət kimi tanımaması, separatçılara maliyyə dəstəyi verməsi, onun münaqişəyə yanlış, mən deyərdim, cinayətkar yanaşması, ikili standartlar siyasəti keçmiş sovet respublikalarında etnik qarşıdurmalara, qanlı savaşlara yol açdı, ən azından buna ciddi töhfə verdi. İndi də ABŞ-ın Ermənistanla strateji tərəfdaşlığa dair saziş imzalaması Ermənistandakı revanşistləri daha da ruhlandıracaq. Bu saziş erməni təxribatlarına yol aça bilər. Amma ermənilər anlamalıdırlar ki, ABŞ-ın 2020-ci ilə qədər Ermənistana verdiyi dəstək onlara işğalı sona qədər davam etdirməyə kömək etmədi və onlar böyük məğlubiyyətlə üzləşdilər. Ona görə, tarixdən dərs almalı və sülh üçün Azərbaycanın şərtlərini qəbul etməli, qonşularla dostluq və əməkdaşlıq siyasətinə üstünlük verməli, xaricdən himayədar axtarışına son qoymalıdırlar”, - millət vəkili qeyd edib.

Seçilən
0
5
buta.tv

6Mənbələr