Olaylar.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov "Global Firepower" portalının tərtib etdiyi orduların reytinqini şərh edərkən deyib.
Üzeyir Cəfərov bildirib ki, Ordumuz öz potensialına görə həm Ermənistanı, həm də Gürcüstanı, hətta bəzi aparıcı ölkələri geridə qoyur:
"Hətta indiki reytinqdə də biz Ermənistan və Gürcüstandan çox qabaqdayıq. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin imkanları tam fərqlidir. Artıq yeni, ən müasir silah-sursatlar alırıq".
Hərbi ekspert reytinq cədvəlində Ermənistan ordusunun 11 pillə irəliləməsini bu cür izah edib:
"Ermənistanın ordusu və arsınalı 44 günlük savaşda əhəmiyyətli şəkildə məhv edildi. Bundan sonra Ermənistan silahlar almağa başladı. 2024 Ermənistan üçün silah alınması məsələsində xüsusi il olub. Görünür, reytinqi tərtib edənlər bu amili əsas götürüblər. Amma bu, Ermənistan ordusunun gücləndiyi anlamına gəlmir. Ermənistan ordusu sərhəddə dayanmağa əsgər tapmır, hansı güclənmədən söhbət gedə bilər?
Onu da vurğulayım ki, hərbi insitutların tərtib etdiyi reytinqlər nisbidir. Hərbi məlumatların əksəriyyətinin məxfi xarakter daşıdığını nəzərə alsaq, mərkəz və insitutların hazırladığı cədvəllərin ordunun gücünü tam əks etdirdiyni deyə bilmərik".
Qeyd edək ki, "Global Firepower" portalının tərtib etdiyi dünyanın ən güclü ordularının reytinqində Azərbaycan Ordusu 60-cı (ötən il 59-cu idi), Türkiyə ordusu 9-cu (ötən il 8-ci idi) yeri tutub.
Ötən il 102-ci yerdə olan Ermənistan ordusu isə bu il xeyli irəliləyərək, 91-ci olub.