Göyçayda son aylarda səbəbsiz yerə arı ailələrinin yoxa çıxması və ölümü müşahidə olunur.
Həftəlik.az APA TV-yə istinadən xəbər verir ki, Göyçayda yerləşən arıçılıq təsərrüfatının birində aparılan araşdırmaya əsasən bu qənaətə gəlinib.
Arıçı Mahir Qurbanovun sözlərinə görə illərdir ki, arıçılıq təsərrüfatı ilə məşğul olmasına baxmayaraq, heç vaxt bu kimi hal ilə rastlaşmayıb. Hətta onun hesablamalarına görə yanvar ayında 40 arı ailəsinin satışını həyata keçirmək olacaqdı. Amma hazırda sözü gedən arı ailəsi də yoxa çıxıb. Həmçinin, Mahir Qurbanov onu da bildirib ki, arıların kütləvi surətdə yoxa çıxması 10.000 manatdan çox ziyana səbəb olub.
Təsərrüfatda olan arı qutularının içərisi bal ilə dolu olduğu halda qutunun içərisində çox az sayda arıların olduğu görünür.
Göyçay rayon Arıçılar assosiasiyasının sədri İsmayıl Xəlilovun bildirdiyinə görə, əvvəlki illərə nisbətən hazırda “Varoa” adlı gənələrlə mübarizə çətinləşdiyi üçün arılar arasında yayılmış virusu aradan qaldırmaqda xeyli əziyyət çəkirlər. Bunun səbəbi isə gənələr arasında immunitetin artmasıdır. Artıq il ərzində 2-3 dəfə dərmanlamaq onları məhv etmədiyi üçün təsərrüfata verdikləri ziyan daha da artmaqdadır.
Müəllif: Türkan_zadə