Hüquq-mühafizə orqanları Koreya Respublikasının Prezidenti Yun Sok Yolu həbs ediblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Cənubi koreyalı müstəntiqlərin ölkə Prezidenti Yun Sok Yolu həbs etmək üçün yerli vaxtla səhər saat 7:30-da onun iqamətgahına daxil olduqları barədə məlumat yayılmışdı.
Cənubi Koreyanın televiziya kanalları müstəntiqlərin iqamətgaha daxil olmasını canlı yayımlayıb. Prezidentin təhlükəsizlik xidməti və hakim partiyanın deputatları mane olmağa çalışsalar da, müstəntiqlər polisin dəstəyi ilə iqamətgaha girə biliblər.
Bundan başqa, sarayın ətrafına Prezident Yun Sok Yolu dəstəkləyən 7 minə yaxın adam toplaşıb. Polislərlə Prezidenti dəstəkləyənlər arasında fiziki toqquşmalar da olub. Hətta orta yaşlı bir qadının xəsarət aldığı bildirilir.
Onu da qeyd edək ki, bu, ölkədə hərbi rejimin elanına görə qiyama cəhd şübhəsi ilə başlanmış təhqiqat çərçivəsində dövlət başçısını saxlamaq üçün 2-ci cəhd olub. Belə ki, yanvarın 3-də istintaq qrupu iqamətgaha gələrək Prezidenti saxlamağa cəhd etsə də, təhlükəsizlik xidmətinin müqaviməti nəticəsində bu mümkün olmamışdı. Yanvarın 14-də isə polis, istintaq qrupu və Prezidentin təhlükəsizlik xidməti həbs orderinin icrasını müzakirə etmək üçün 2 dəfə görüşmüşdülər...
Xatırladaq ki, Prezident Yun Sok Yol müxalifəti qiyam təşkilinə yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də ölkədə hərbi vəziyyət elan edib. Amma müxalifətin üstünlük təşkil etdiyi parlamentin hərbi vəziyyətin ləğvi ilə bağlı qətnamənin qəbulundan sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Müxalifət bununla kifayətlənməyərək parlamentdə Prezidentin impiçmentinə dair qərarın qəbuluna nail olub. İmpiçmentdən sonra ölkədə qiyama cəhd şübhəsi ilə istintaq başlayıb. Prezidentin ölkədən çıxışına qadağa qoyulub. Yun Sok Yol istintaqın çağırışlarına məhəl qoymadığı üçün Seul məhkəməsi Prezidentin həbsi ilə əlaqədar order verib...