AZ

Aslanov: “Bakıya qrup lideri kimi dönməyə çalışacağıq”

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov federasiyanın mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, 19 yaşadək futzalçılardan ibarət millimiz Avropa çempionatının (AÇ-2025) ilkin mərhələsi çərçivəsində yanvarın 25-də Kosovo, ertəsi gün San Marino ilə qarşılaşacaq.

Bu məqsədlə komandamız yanvarın 10-dan etibarən təlim-məşq toplanışına başlayıb. Gündə iki dəfə məşqlərini davam etdirən gənclər Azərbaycan kubokunun 1/8 final oyununda da iştirak etmək imkanı qazanıblalr. “Metropoliten”i üstələyən U-19 1/4 finala yüksəlib və şənbə günü “Şuşa” ilə üz-üzə gələcək.

Baş məşqçi İlqar Aslanov hazırlıqla bağlı federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Komanda yanvarın 10-dan toplanışdadır. Məşqlərimiz plana uyğun şəkildə davam edir. Gündə iki dəfə hazırlıq keçirik. Həm fiziki, həm də taktiki planda çalışmalar yerinə yetiririk. Yükləmələri daha çox topla çalışmalar zamanı veririk. Uşaqlar həvəslidirlər, çalışırlar dediklərimizi icra etsinlər. Əlbəttə, axsadığımız məqamlar, görəcəyimiz işlər çoxdur. Bunların hamısını bir toplanışda aradan qaldırmaq mümkün olmasa da, müəyyən hissəsini düzəltməyə çalışırıq. Şənbə günü kubok oyununa çıxacağıq. Çalışırıq səfərə qədər daha bir matç keçirək. Həm də bu oyun kubok görüşünün ertəsi gün olsun. Çünku San Marinoda 2 gün ərzində 2 oyun keçirəcəyik”.

“Futzalda zəif rəqib anlayışı yoxdur”

Baş məşqçi AÇ-2025-in ilkin mərhələsindəki rəqiblərimizi də dəyərləndirib: “Kosovo yığmasının oyununu görməmişik, ancaq şifahi də olsa, məlumatımız var. Fiziki baxımdan güclü rəqibdir, topla yaxşı oynayırlar. San Marinonun isə bir neçə oyununa baxmışıq. Onlar ötən həftə beynəlxalq turnirdə iştirak ediblər. Müəyyən qədər informasiyamız var. Düzdür, hər 3 oyunda məğlub olublar, lakin bu zəif rəqibdir anlamına gəlmir. Ümumiyyətlə bu gün futzalda zəif komanda, rəqib anlayışı yoxdur. Üstəlik, San Marino öz meydanında oynayacaq. Təqvimi də elə qurublar ki, onlar birinci oyundan sonra bir gün dincələcəklər. Amma Kosovo və biz ardıcıl 2 gün ərzində 2 oyun keçirəcəyik. Biz ora çatan gün San Marino – Kosovo oyunu olacaq. Bu görüşü canlı izləməyi düşünürük”.

Təcrübəli mütəxəssis komandanın qarşısına yaxşı nəticə qazanmaq tapşırığı qoyulduğunu da bildirib: “Biz də yaxşı hazırlaşırıq. Oyunlara qədər səhvlərimizi minimuma endirməliyik. Komandanın qarşısına yaxşı oynamaq və nəticə qazanmaq tapşırığı qoyulub. Çalışacağıq ki, Bakıya qrup lideri kimi dönək. Çünki növbəti mərhələyə ancaq qrup lideri olan komanda vəsiqə qazanacaq”.

Seçilən
0
9
arena.az

10Mənbələr