AZ

Süni intellekt iqtisadi inkişafa təkan verəcək?

Süni intellekt iqtisadi inkişafa təsirinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. İqtisadçılar bu barədə müxtəlif araşdırmalar aparırlar. Ümumi ortaq mövqelərdən biri ondan ibarətdir ki, süni intellektin inkişafı inkişaf etməkdə olan ölkələr üçün 2 yol yaradır. Onlar ya daha da zənginləşə, iqtisadiyyatlarının rəqabət qabiliyyətini gücləndirə, ya da əksinə, həyat səviyyəsinə görə inkişaf etmiş ölkələrdən daha da geri qala bilərlər.

Təhlillər onu göstərir ki, süni intellekt iqtisadiyyatın mühüm sektorları arasında geniş şəkildə tətbiq olunmasa, iqtisadi məhsuldarlığın artımına ümumi təsiri az olacaqdır. Əgər süni intellektin məhsuldarlığa təsiri yalnız yüksək ixtisaslı xidmətlər sektoru ilə məhdudlaşarsa, 100 ildən sonra qlobal real gəlir süni intellektsiz ola biləcəyindən cəmi 2,4% çox olacaq.

Bununla belə, süni intellekt iqtisadiyyatı digər sektorlarında tətbiq olunarsa, o, yeni məhsulların və sənaye sahələrinin yaradılması üçün katalizator olmaq potensialına malik olacaqdır. Belə optimist proqnozda, süni intellekt qlobal iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilərsə, qlobal real iqtisadi gəlir 100 ildən sonra süni intellektsiz ola biləcəyindən 28% çox olacaq.

İqtisadiyyatın əksər sektorlarında süni intellekti sürətlə tətbiq edə bilən ölkələr, böyük ehtimalla sürətlə inkişaf edən yüksək texnologiyalı sektorlarda məhsuldarlığın və rəqabətin artması hesabına qlobal bazarlarda öz mövqelərini gücləndirəcəklər. İqtisadiyyatlarına süni intellektin inteqrasiyasını gecikdirən ölkələr inkişafın durğunluğunda qalmaq və innovasiyalardan faydalana bilməyərək həyat standartlarının aşağı düşməsi riski ilə üzləşəcəklər.

Azərbaycanda süni intellektin müxtəlif sahələrdə tətbiqi ilə bağlı müxtəlif araşdırmalar aparılır. Gecikmədən iqtisadiyyatın müxtəlif sektorlarında bu texnologiyaları tətbiq etməyi bacarsaq, gələcəyin innovasiyalarına mühüm çıxış əldə edə biləcəyik.

Tahir Mirkişili
Milli Məclisin deputatı

Seçilən
2
1
modern.az

2Mənbələr