Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri Artur Vanetsyan ABŞ ilə ölkəsi arasında “Strateji tərəfdaşlıq haqqında” sazişin imzalanmasını tənqid edərək, bunu mümkün nəticələri nəzərə almayan tələsik addım adlandırıb.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat verib.
“Ermənistanın baş naziri Nikol Paşinyanın xarici siyasəti avantüra məntiqinə əsaslanır və ölkəmizə yeni fəlakət gətirmək təhlükəsi yaradır", - Vanetsyan yazıb.
Xatırladaq ki, İrəvan və Vaşinqton arasında imzalanmış sənəd amerikalıların Ermənistana "dəstək göstərmək" niyyətində olduğu bir sıra sahələri əhatə edir. Bunlar iqtisadiyyat (energetika və innovasiyalar daxil olmaqla), müdafiə, təhlükəsizlik, demokratiyanın inkişafı və ədliyyə sahələridir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sənədin imzalanmasını şərh edərkən bildirib ki, ABŞ Ermənistandan Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini tələb edə bilər.