Nazilər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli (VTC) dərəcələrini təsdiq edib. Minimum əmək haqqının bu ilin yanvarın 1-dən etibarın 400 manata çatdırılması ilə bağlı olaraq VTC pilləri üzrə də maaş artımları həyata keçirilib. Bununla da həmin vətəndaşların aylıq tarif (vəzifə) maaşları artırılıb.
İqtisadçı deputat Vüqar Bayramov məsələni şərh edib.
“Son qərara əsasən, dövlət idarələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımız üçün yeni aylıq vəzifə maaş məbləğləri müəyyənləşib: 1-ci pillə üzrə maaşlar 345 manatdan 400 manata, 2-ci üzrə 359 manat 416 manata, 3-cü üzrə 371 manatdan 433 manata, 4-cü üzrə 389 manatdan 450 manata, 5-cü üzrə 406 manatdan 470 manata, 6-cı üzrə 422 manatdan 490 manata, 7-cü üzrə 441 manatdan 510 manata, 8-cü üzrə 458 manatdan 530 manata, 9-cü üzrə 478 manatdan 550 manata, 10-cü üzrə 497 manatdan 575 manata, 11-cü üzrə 518 manatdan 600 manata, 12-cü üzrə 538 manatdan 625 manata, 13-cü üzrə 560 manatdan 650 manata, 14-cü üzrə 584 manatdan 675 manata, 15-cü üzrə 607 manatdan 700 manata, 16-cı üzrə 632 manatdan 730 manata, 17-cü üzrə 694 manatadan 760 manata, 18-cü üzrə 833 manatdan 870 manata və nəhayət sonuncu pillə üzrə 1125 manatdan 1150 manatadək artırılıb.
Göründüyü kimi, dövlət idarələrində çalışıb VTC-nin ilk pillələri üzrə maaş alan vətəndaşlarımızın maaşları orta hesabla 15 faiz artılıb. Aşağı pillələrdə daha yüksək əmək haqqı artımlarının həyata keçirilməsi VTC-də pillələrarası maaş fərqlərini də xeyili dərəcədə azaldıb”.
V.Bayramovun sözlərinə görə, yeni qərarla 400 mindən artıq vətəndaşın maaşları artırılıb.
“Qeyd edək ki, minimum əmək haqqının artırılması ilə bağlı olaraq mövcud qanunvericiliyə əsasən, Nazirlər Kabineti də həmin vətəndaşlarımızın əmək haqlarının artırılması ilə bağlı qərar verir. Bu artımlar da yanvarın 1-dən hesablanacaq. Yəni, həmin vətəndaşlarımız artıq yanvar ayının maaşını artırılmış məbləğlə alacaqlar”, ? deputat bildirib.