Xəbər verdiyimiz kimi, magistratura səviyyəsinə qəbul imtahanının birinci cəhdi fevralın 16-da keçiriləcək.
Maraqldır, bu il magistraturaya qəbul imtahanında keçid balları qalxa bilərmi?
Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, bu il balların qalxa biləcəyi gözlənilə bilər:
“Adətən əvvəlki illərdə magistratura imtahanı necə idisə, bu il də oxşar səviyyədə keçiriləcək. Burada sualların asan və ya çətin olması ilə bağlı konkret fikir bildirmək doğru deyil. Lakin ümumi təcrübəyə əsaslansaq qeyd etmək olar ki, keçən il keçid ballarında əvvəlki illərə nisbətən aşağı düşmüşdü. Bu il düşünmürəm ki, ballarda enmə olsun, əksinə balların qalxa biləcəyi gözlənilə bilər. Hesab edirəm ki, balların yüksəlmə ehtimalı tibb, eləcə də İKT yönümlü ixtisaslarda daha aydın hiss ediləcək.
Bu nöqteyi-nəzərdən belə bir fikir irəli sürmək olar ki, imtahanlar çətin gözlənilmir. Təbii ki, bu, illərin təcrübəsindən gələn ehtimaldır. Yəni bu hər hansısa qurumun mövqeyi deyil. Bakalavrlara tövsiyə edirəm ki, bu qısa müddət ərzində çətinlik çəkdiyi mövzulara daha çox fikir versinlər. İmtahana maksimum dərəcə hazırlıqlı olmaq lazımdır.
Suallarda səhv düzü aparmır, buna görə də bakalavrlar səhv etməkdən qorxmamalıdırlar. Onlara təqdim edilən esseni yazmış olsalar çox yaxşı olar. Lakin bu, məcburi deyil. Keçid balı informatika fənni üzrə minimum 5, məntiq fənni üzrə minimum 10 sual, xarici dil fənn üzrə isə minimum 5 olaraq müəyyənləşdirilib”, - deyə ekspert fikrini tamamlayıb.