Əfqanıstan administrasiyası ABŞ ilə məhbus mübadiləsinə hazır olduqlarını lakin ABŞ administrasiyasının hələlik konkret addım atmadığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid Amu TV-yə ABŞ və Əfqanıstan arasında mümkün məhbus mübadiləsi barədə danışıb. Mücahid bildirib ki, mümkün məhbus mübadiləsi ilə bağlı danışıqlar davam edir, lakin hələlik müsbət nəticə yoxdur. Əfqanıstan rəhbərliyinin əsir mübadiləsinə hazır olduğunu, lakin ABŞ-nin konkret addım atmadığını bildirən Mücahid “Əfqanistanda saxlanılan amerikalıların qarşılığında Quantanamodakı əfqan məhbusların azad edilməsini təklif etdik, lakin ABŞ hələ ki, tədbir görməyib",- deyib.
2022-ci ildən Əfqanıstanda həbsdə olan Corc Qlezmann, Rayan Korbett və Mahmud Şah Həbibinin azadlığa buraxılması üçün tərəflər arasında təxminən 6 aya yaxındır danışıqlar gedir. Bundan əvvəl müxtəlif media qurumlarında dərc olunan xəbərlərdə Quantanamo həbsxanasında saxlanılan Məhəmməd Rəhim əl-Əfqaninin qarşılığında Əfqanıstandakı həbsxanalarda saxlanılan ABŞ vətəndaşlarının azad edilməsi ilə bağlı iki ölkə arasında danışıqların davam etdiyi bildirilirdi.