Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İnsan resursları departamentinin müdir müavini Samir Yusif oğlu Əmirovun diplomunu təsdiqləməyib.
Hurriyyet.az xəbər veririk ki, Samir Əmirov Türkiyənin Ege Universitetində radio, televiziya və sinema fakültəsində təhsil alıb.
Onun departament rəhbəri Ceyhun Nağıyevlə dost olduğu bildirilir, əvvəllər özəl şirkətlərdən birində çalışıblar. Həmin vaxt Samir Əmirov dostu Ceyhun Nağıyevin müdiri olub. ADY-də isə vəzifələri yerini dəyişib. S.Əmirov departament rəhbərinin müavini olmaqla yanaşı, ADY-də Təlim və İnkişaf Mərkəzinin də müdiridir.
Məsələ ilə əlaqədar Pravda.az-ın əməkdaşı Samir Əmirovla əlaqə saxlasa da, o, münasibət bildirməkdən imtina edib: “Bu məsələ ilə bağlı heç bir məlumat verən deyiləm. Ümumiyyətlə, nə məsələdir, məni niyə belə narahat edirsiniz? Sizə nömrəmi kim verib? Nömrəm axı mətbuatda yoxdur. Sualınızla əlaqədar elə nömrəmi aldığınız şəxsə müraciət edin”.
Əslində bu faktın özü yetərlidir ki, “Azərbaycan Dəmir Yolları” sistemində cərəyan edən olayların mahiyyətindən xəbərdar olasan. Yəni təkcə kadr təyinatında saxtakarlıq müşahidə olunmur, eyni zamanda büdcə vəsaitinin xərclənməsi, keçirilən tenderlər və daha böyük yeyinti imkanları... bu gün cənab Rüstəmovun əsas şakərlərindən birinə çevrilib, desək, yanılmarıq...
Əgər bu fakt həqiqəti ehtiva edirsə, “Azərbaycan Dəmir Yolları”nda təkcə diplomu saxta olanlar yox... saxta diplomluları görəvə gətirənlər də işlərindən kənarlaşdırılmalıdırlar. Çünki belə bir TƏHLÜKƏLİ TƏYİNAT heç də qarşılıqsız ola bilməz...