AZ

Rusiya Müdafiə Nazirliyi Ukraynanın hücumlarına cavab veriləcəyini bəyan edib

 

Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Qərb istehsalı olan uzun mənzilli Quru Taktiki Raket Sistemləri (ATACMS) və "Storm Shadow" qanadlı raketləri ilə hücum cəhdi həyata keçirdiyini və buna qarşı cavab veriləcəyini bəyan edib. 

Nazirliyin açıqlamasında qeyd edilib ki, Ukrayna ərazisindən Bryansk vilayətindəki Rusiya obyektlərinə raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdi qeydə alınıb. Açıqlamada bildirilir ki, bölgə üzərində Amerika istehsalı olan 6 ATACMS raketi, İngiltərə istehsalı olan 6 “Storm Shadow” raketi və 31 PUA Rusiya hava müdafiə sistemləri tərəfindən vurulub. Hücum cəhdi nəticəsində ölən və ya yaralanan olmadığı qeyd olunub. 

Əlavə olaraq Qara dəniz üzərində 2 “Storm Shadow” raketinin də məhv edildiyi bildirilərək "Qərb tərəfindən dəstəklənən Kiyev hakimiyyətinin hərəkətləri cavabsız qalmayacaq" ifadəsinə yer verilib. 

ABŞ və Böyük Britaniyanın keçən il Ukraynaya Rusiya ərazilərini uzun mənzilli silahlarla vurmağa icazə verdiyi bildirilmişdi. Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın bir neçə dəfə ATACMS və “Storm Shadow” raketləri ilə Rusiya ərazilərinə hücumlar təşkil etdiyini və cavab olaraq Ukraynanın enerji obyektlərini yüksək dəqiqlikli silahlarla vurduqlarını açıqlamışdı.



Seçilən
2
trt.net.tr

1Mənbələr