Mövzunu “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Əmək və məşğulluq altsistemində (ƏMAS) işəgötürən tərəfindən işçinin əmək müqaviləsində dəyişiklik zamanı iki fərqli yanaşma tətbiq edilir. Fərqli yanaşmaların tətbiq edilməsinin səbəbini hazırda cari işçilər üzrə əmək müqavilələrinin elektronlaşdırılması prosesinə tam keçidin başa çatmaması ilə izah etmək mümkündür. Hazırda əmək müqaviləsi elekton sənəd formasında bağlanan və ya ona dəyişiklik edilən işçilərin əmək müqaviləsi məlumatları ƏMAS altsisteminin "Onlayn əmək müqaviləsi" bölməsində yerləşdirilir. Kağız formada əmək müqaviləsi bağlanan və elektron əmək müqaviləsində dəyişiklik edilməyən işçilərin uçotu isə "Əmək müqaviləsi bildirişi” reyestrində aparılır.
Beləliklə, işəgötürən işçinin əmək müqaviləsində dəyişiklik etdiyi zaman prosesin ardıcıllığı aşağıdakı kimi olur:
1. İşəgötürən ƏMAS altsistemində əmək müqaviləsində dəyişikliklə bağlı müvafiq bölməyə daxil olmalıdır:
a) Elektron əmək müqaviləsi bağlanan işçilər üzrə "ƏMAS"- "Onlayn əmək müqaviləsi". "Onlayn əmək müqaviləsi reyestri" - "Onlayn əmək müqaviləsində dəyişiklik" bölməsinə daxil olmaq lazımdır.
b) Kağız formada əmək müqaviləsi bağlanılan və elektron əmək müqaviləsində dəyişiklik edilməyən işçilər üzrə “ƏMAS müqaviləsi bildirişləri reyestri" - "Əmək müqaviləsi bildirişində dayişiklik" bölməsinə daxil olmaq tələb edilir.
Əmək Məcəlləsində son dəyişikliklərdən sonra ƏMAS altsistemində əmək müqaviləsi bildirişi üzrə iki seçim yaradılırdı. 21 avqust 2024-cü il tarixdən isə bu seçim imkanı aradan qaldırılıb.
2. İşəgötürən əmək müqaviləsində dəyişiklik olunacaq şəxsi seçǝrǝk "Əmək müqaviləsi bildirişində dəyişiklik et" bölməsindən istifadə etməlidir.
İstər "Əmək müqaviləsi bildirişində dəyişiklik", istərsə də "Onlayn əmək müqaviləsində dəyişiklik" bölməsindən "Əmək müqaviləsi bildirişində dəyişiklik et” altbölməsinə daxil olduqda ƏMAS altsistemi elektron əmək müqaviləsinin bağlanılması prosesinə yönəldir.
3. ƏMAS altsisteminə onlayn əmək müqaviləsi üzrə məlumatları daxil etdikdən sonra əmək müqaviləsində dəyişiklik elektron əmək müqaviləsi formasında hazırlanır.
Qeyd edək ki, Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən, elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. Maddədən göründüyü kimi, işəgötürən və işçi arasında bağlanan əmək müqaviləsində dəyişiklik əvvəllər olduğu kimi müqaviləyə əlavə kimi yox, əmək müqaviləsi formasında imzalanır.
Bundan əlavə, elektron əmək müqaviləsində dəyişikliyin qüvvəyə minmə tarixi ilə yanaşı, sənəddə olunan dəyişikliklərin sayı haqqında məlumat da qeyd edilir.
Əmək müqaviləsində dəyişikliklə bağlı elektron formada bağlanan əmək müqaviləsinin qeydiyyatından sonra həmin sənəd ƏMAS altsistemində “İcrada olan onlayn əmək müqavilələri" reyestrində yerləşdirilir.
4. Əmək müqaviləsində dəyişikliyin işçi və işəgötürən tərəfindən imzalanması prosesi elektron əmək müqaviləsi forması ilə eynidir. Bir məsələni qeyd edək ki, əmək müqaviləsində dəyişikliyin əmək müqaviləsinin bağlanmasından fərqli cəhəti "Müqavilənin növü" bölməsində "Bağlanmış" yox, "Dəyişdirilmiş" qeyd olunmasıdır.
İşəgötürən "İcrada olan onlayn əmək müqavilələri” bölməsindəki sənədi "Təsdiqə göndər" düyməsi ilə imzalamaq üçün qarşı tərəfə ünvanlayır. İşəgötürən təsdiqə göndərilmə zamanı açılan pəncərədə qeydini də edə bilər.
5. İşəgötürən tərəfindən "Təsdiqə göndər" düyməsi sıxıldıqdan sonra həmin elektron sənəd “İcrada olan onlayn əmək müqavilələri" altbölməsindən "Vətəndaşa təsdiq üçün göndərilən onlayn əmək müqaviləsi" altbölməsinə keçirilir. Bu halda, işəgötürən qarşı tərəfin təsdiq prosesini gözləməlidir.
6. İşçi gücləndirilmiş elektron imza ilə ƏMAS altsistemində "ƏMAS" - "Onlayn əmək müqaviləsi" - "Onlayn əmək müqavilələri reyestri" - "Təsdiq gözləyən onlayn əmək müqaviləsi" bölməsinə daxil olmalıdır.
İşçi əmək müqaviləsində dəyişiklikdən imtina etmək istədiyi halda, səbəbini qeyd etməlidir. İşçinin imtina verdiyi əmək müqaviləsində dəyişikliklə bağlı sənəd də işəgötürənin "İcrada olan onlayn əmək müqavilələri" reyestrində olacaq. İşəgötürən həmin bölmədə işçinin qeydi ilə tanış olduqdan sonra sənəddə düzəliş edib yenidən göndərə və ya onu ləğv edə bilər. İşçi əmək müqaviləsini imzalamadığı halda, həmin elektron sənəd işəgötürənə göndərilmiş hesab olunacaq.
7. İşçi tərəfindən imzalanmış əmək müqaviləsində dəyişikliklə bağlı elektron əmək müqaviləsinin qeydiyyatından sonra həmin sənəd ƏMAS altsistemində "İcrada olan onlayn əmək müqavilələri" reyestrində qeyd ediləcək. İşəgötürən əmək müqaviləsini imzaladıqdan sonra müqaviləyə dəyişikliklik hüquqi qüvvəyə minmiş hesab olunur.
Dəyişikliklər hüquqi qüvvəyə mindikdən sonra yekun sənəd “Qüvvədə olan əmək müqavilələri” altbölməsində yerləşdirilir. İşəgötürən həmin bölmədən əmək müqaviləsində dəyişikliklə bağlı bildiriş formasını da yükləmək imkanına malik olur.