Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazovun həmin müəssisənin direktoru Rüstəm Talışinskiyə qarşı iddiası üzrə keçirilən prosesdə bəzi faktlar üzə çıxıb.
Modern.az-ın məlumatına görə, bu barədə “Bakupost” saytı yazıb.
Bildirilib ki, İnstitut 2022-ci ilin dekabrında QAZ-3110 – "Volqa” markalı avtomobilin təmiri üçün tender elan edib. Tenderin nəticələrinə əsasən, növbəti ildə "Volqa” avtomobili əsaslı təmir edilib. Təmir İnstituta 9 min manata başa gəlib.
Qeyd olunub ki, eyni zamanda təmirinə 9 min manat xərclənən avtomobilin 2025-ci ildə emlak.gov.az portalında dəyərindən demək olar ki, 3 dəfə ucuz qiymətə - 3600 manata satışa çıxarıldığı bildirilib.
Məsələ ilə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu ilə əlaqə saxladıq.
Qurumdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, QAZ-3110 – “Volqa” markalı avtomobilin təmiri və satış qiyməti ilə bağlı 2022-ci il dekabr ayından tender prosesi “Dövlət satınalmarı haqqında” Azərbaycan Respublikası qanununun 48-ci maddəsinə uyğun şəkildə həyata keçirilib:
“Tenderdə iştirak edən tərəflərdən ən uyğun təklif seçilib lakin tender rəhbərlikdə baş verən dəyişikliklər səbəbindən qalib şirkətlə müqavilə imzalanmayıb və tender icra olunmayıb.
Nəqliyyat vasitəsinin istismar müddətinin bitdiyi üçün onun özgəninkiləşdirilməsi prosesi isə əmlak qanunvericiliyinə uyğun şəkildə dövlət portalı üzərindən şəffaf olaraq həyata keçirilib. Avtomobilin satış qiyməti müstəqil ekspert qiymətləndirməsi əsasında müəyyən olunub və mövcud bazar şərtlərini əks etdirib.
Prosesin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmamasına hər hansı bir iddialar varsa, pozuntularla bağlı araşdırmaların aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilə bilər”.