Portuqaliyanın “Rio Ave” klubunun misirli hücumçusu Ahmed Hassan bundan sonra “Havr”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.
31 yaşlı forvard “Rio Ave”dən azad agent kimi ayrılıb və “Havr”la cari mövsümün sonunadək (2025-ci ilin 30 iyununa qədər) müqavilə imzalayıb.
Qeyd edək ki, Ahmed Hassan Misirin “Əl-Əhli” klubunun yetirməsi olsa da, peşəkar karyerasına məhz “Rio Ave”də başlayıb. Daha sonra o, “Braqa”, “Olimpiakos”, “Konyaspor”, “Alanyaspor”, “Pendikspor” kimi klublarda da forma geyinib.
2024-cü ilin yayında azad agent kimi “Rio Ave”yə qayıtmış Ahmed Hassan cari mövsümdə bu komandanın heyətində meydana çıxdığı 11 oyunda 2 qol vurub. Misirli forvardın Portuqaliya klubundakı ümumi statistikası isə 109 oyun, 34 qol və 4 məhsuldar ötürmədən ibarətdir.
Ahmed Hassan Misirin U-19, U-20 və U-23 yığmalarında oynadıqdan sonra 2013-cü ildə əsas millidə debüt edib. O, Misir yığmasında keçirdiyi 32 oyunda 6 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı hücumçunun transfer dəyərini 900 min avro məbləğində qiymətləndirir.