AZ

"Mingəçevir"in yeni prezidenti: "2 il ərzində Premyer Liqaya yüksəlmək istəyirik"

ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov apasport.az-a müsahibə verib. O, tərəfdaşlıq müqaviləsi imzaladıqları Azərbaycanın I Liqa təmsilçisi "Mingəçevir"lə bağlı planları açıqlayıb. Bunyatov bölgə klubunu inkişaf etdirmək üçün atacaqları addımlar barədə danışıb.

- Seçimi "Mingəçevir" klubunun üzərindən etməyinizin xüsusi səbəbləri varmı?

- Bildiyiniz kimi, Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına, həmçinin inzibati bölgələrdə idmanın müxtəlif növlərinə xüsusi diqqət və qayğı ilə yanaşılmasına böyük əhəmiyyət verir. Mingəçevir də futbol ənənələri olan şəhərlərimizdən biridir. Azərbaycanın ən yaxşı futbolçularının yolu bir zamanlar bu şəhərdən keçib. Şəhərdəki insanların futbola münasibətini və futbol ənənələrini nəzərə alaraq seçimimizi “Mingəçevir” üzərindən etdik.

- Başqa variantlar da olub, yoxsa ilk gündən ancaq "Mingəçevir" variantının üzərində dayanmısınız?

- Əlbəttə, başqa variantlar da var idi. Amma Futbolun İnkişaf Fondu ilə müvafiq məsləhətləşmələrdən sonra seçimimiz məhz I Liqada çıxış edən “Mingəçevir” klubu oldu. Əsas məqsədimiz komandanın mövcud potensialını daha da gücləndirmək, qısa zaman kəsiyində hələlik daxili çempionatda rəqabət qabiliyyətli futbol oynayan, müasir tələblərə cavab verən bir komanda formalaşdırmaqdır.

- İnfrastrukturla bağlı hansı dəyişikliklər planlaşdırılıb?

- Bəli, infrastrukturla bağlı dəyişikliklər planlaşdırılıb. Mütləq qaydada köklü dəyişikliklər həyata keçirilməli, komandanın maddi-texniki bazası gücləndirilməlidir. Çünki müasir futbol bunu tələb edir. Hazırda sənədləşdirmə və layihələndirmə mərhələsindəyik. Maddi bazası güclü olmayan klub inkişaf edə bilməz. Bu baxımdan ilkin olaraq zəruri infrastruktur dəyişiklikləri aparılmalı və klubun mövcud bazası təkmilləşdirilməlidir. Qeyd olunan istiqamətdə lazımi addımlar atılır və yaxın zamanlarda idman ictimaiyyəti bunun nəticəsi ilə tanış olacaq.

- "Mingəçevir" klubunun qısa və uzunmüddətli hədəfləri nə olacaq?

- Qeyd etdiyim kimi, klubun tez bir zamanda təşkilati baxımdan yenidən qurulması, maddi-texniki bazasının və heyətinin gücləndirilməsi, I Liqada yuxarı yerlər uğrunda mübarizə aparacaq səviyyəyə çatdırılması qısamüddətli hədəflərimizə aiddir. Uzunmüddətli hədəflərə gəlincə, əlbəttə, Azərbaycan Premyer Liqasında çıxış etmək bizim üçün ən böyük uğur olardı.

- "Mingəçevir" Azərbaycan I Liqasında hazırda sonuncu sıradadır. Uğursuzluqdan qurtulmaq üçün hansı addımları atacaqsınız?

- Bəli, komanda hazırda I Liqada sonuncu sıradadır. Amma oradan qurtulmağımız üçün xal fərqi böyük deyil. Önümüzdəki oyunların sayını, yəni mövsümün başa çatmasına 16 tur qaldığını nəzərə alsaq, I Liqada yerimizi qalacağımıza inamımız böyükdür. Uğursuzluqdan qurtulmaq üçün artıq addımlar atmağa başlamışıq. Yenilənmiş texniki heyətimiz var, yeni oyunçuların cəlb olunması prosesinə başlanılıb. Komandada əhval-ruhiyyə çox yüksəkdir. Önümüzdəki oyunlarda çox fərqli “Mingəçevir” görəcəksiniz.

- Bu il olmasa da, növbəti mövsüm maksimum hədəf Premyer Liqaya vəsiqə qazanmaq olacaq?

- Növbəti mövsümdə hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaq deyil. Amma "Mingəçevir"in növbəti mövsümdə çox iddialı olacağını deyə bilərəm.

- Mətbuatda baş məşqçi postuna "Neftçi"nin sabiq baş məşqçisi Füzuli Məmmədovun təyin ediləcəyi ilə bağlı xəbərlər yayılıb. Bununla bağlı nə deyə bilərsiniz?

- Bəli, doğru məlumatdır, baş məşqçimiz Füzuli Məmmədovdur. Baş məşqçi ilə bağlı bir neçə variantı nəzərdən keçirdik, hədəflərimizə ən uyğun gələn mütəxəssis kimi Füzuli Məmmədovu seçdik. Füzuli müəllimə inamımız böyükdür. Onun keçdiyi məşq prosesindən, futbolçularla münasibətindən razıyıq. İnşallah, uzun müddət bizimlə bir yerdə olar.

- Gələcəkdə komandanın daha tanınmış yerli və ya əcnəbi mütəxəssisə tapşırılması nəzərdə tutulubmu?

- Əvvəlcə qeyd etməliyəm ki, Füzuli müəllim kifayət qədər tanınmış mütəxəssisdir. Əcnəbi mütəxəssisə gəlincə, sualınıza indiki halda belə cavab verə bilərəm ki, komandanın texniki heyətində nə zamansa əcnəbi məşqçilərin olması mümkündür. Amma həmin əcnəbi məşqçi Füzuli Məmmədovun və ya hər hansı başqa azərbaycanlı məşqçinin köməkçisi qismində texniki heyətdə yer ala bilər.

Millimizin baş məşqçisi: “Futzalda zəif rəqib anlayışı yoxdur”

U-19-un məşqləri davam edir

“Neftçi”dən ilk transfer - RƏSMİ

AFFA millimizə yeni futbolçu gətirir - Qazaxıstandan!

Danilo Diaş: “Bu, bizim üçün sürpriz idi”

Seçilən
1
2
apasport.az

10Mənbələr