AZ

MONİTORİNQLƏR ÇÖRƏYİN QİYMƏTİNİN ARTMADIĞINI DEYİR

    BAKI/16.09.10/TURAN: Buğda ununun qiymətindəki artım çörəyin bahalaşmasına səbəb olmayıb və olmayacaq. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinqin yekunu olaraq nazirlik belə bir bəyanat yayıb.     Nazirliyin yaydığı məlumata görə, aparılmış təhlillər göstərir ki, buğda ununun hazırkı topdansatış qiyməti ilə çörək istehsalı rentabelli olaraq qalır.      Monitorinqlər müəyyən edib ki, dünya bazarında buğdanın qiymətinin artması ilə əlaqədar Azərbaycanda son zamanlar buğda ununun istehsalçı qiyməti artıb. Bunun nəticəsində unun pərakəndə satış qiyməti də bahalanıb. Bununla belə, nazirliyin araşdırmalarına görə, ölkə əhalisinin çörəklə təminatında xüsusi çəkisi böyük olan təsərrüfat subyektləri tərəfindən istehsal olunan çörəyin qiymətində indiyədək artım qeydə alınmayıb.      Qeyd edək ki, son 45 gündə buğda ununun pərakəndə satış qiyməti orta hesabla 12% artaraq 1 kq üçün 35-40 qəpiyə çatıb. Bir çox istehsalçılar çörəyin qiymətini artırmasalar da, onun çəkisini proporsoinal olaraq azaldıblar. İqtisadi İnkişaf Nazirliyinin məlumatında bu barədə bir söz deyilmir. 08D

Seçilən
3
turan.az

1Mənbələr