AZ

AVQUSTDA ORTA YAŞAYIŞ MİNİMUMU 72 QƏPİK ARTIB

    BAKI/16.09.10/TURAN: Azərbaycanda yaşayış minimumu ay ərzində orta hesabla 72 qəpik artıb. Bunu İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ekspertləri 1 avqust və 1 sentyabr üçün istehlak göstəricilərini müqayisə edərək müəyyən edib.      Mütəxəssislər Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarında nəzərdə tutulan normativlərə əsaslanaraq istehlak səbətinin qiymətini hesablayıblar. Müəyyən edilib ki, avqustda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 125,3 manat, iyulda 124,62 manat olub. Yaşayış minimumu pensiyaçılar üçün 113,12 manat, 14 yaşadək uşaqlar üçün 142,52 manat təşkil edib. Qanunvericilikdə bəyan edilən yaşayış minimumu ilə real minimum arasında fərq göz qabağındadır.      Əmək qabiliyyətli əhali üçün ərzaq xərcləri orta hesabla 64,7 manat, pensiyaçılar üçün 58 manat, 14 yaşadək uşaqlar üçün 71,8 manatdır. Qeyri-ərzaq malları üçün xərclər əmək qabiliyyətli əhali üçün 35,5 manat, pensiyaçılar üçün 31,7 manat, 14 yaşadək uşaqlar üçün 50,7 manatdır. Xidmət xərcləri müvafiq olaraq 26 manat, 23,3 manat və 19,2 manatdır.      Xatırladaq ki, `2010-cu ildə AR-da yaşayış minimumu haqda` Qanuna əsasən, yaşayış minimumu 87 manatdır. O cümlədən, iş qabiliyyətli əhali üçün yaşayış minimumu ayda 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat müəyyən edilib. --17D--

Seçilən
3
turan.az

1Mənbələr