“Azərbaycanın Misirdəki səfirliyi tam tərkibdə normal rejimdə öz fəaliyyətini davam etdirir. Onların geri çağırılması və ya çıxarılması barədə heç bir qərar yoxdur". Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Misirdə yaranmış gərginliklə bağlı Azərbaycan səfirliyinin fəaliyyəti ilə bağlı sualı şərh edərkən deyib. Onun sözlərinə görə, bundan bir müddət öncə vətəndaşlarımıza öz təhlükəsizliklərini təmin etmək üçün tədbirlər görmək xahişi ilə müraciət edilib.
Mətbuat sözçüsü səfirliyin qeydiyyatında olmayan və ya müəyyən qısamüddətli ezamiyyət məqsədilə Misirdə olan vətəndaşların tezliklə səfirlikdə qeydiyyatdan keçmələri ilə bağlı işlər görüldüyünü bildirib.
Misirdəki hadisələr zamanı Azərbaycan vətəndaşlarının xəsarət almasına gəlincə, E.Abdullayev indiyədək bu barədə heç bir məlumatun daxil olmadığını deyib.
Qeyd edək ki, 2011-ci ildə Misirdə baş vermiş “ərəb baharı” zamanı Azərbaycan səfirliyinin əməkdaşı Nicat Qocayev həlak olub .
Hazırda Misirdə vəziyyət gərgin olaraq qalır. Son günlər prezident Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalarda 7 nəfər ölüb, 200-dən artıq şəxs yaralanıb. -16D-