“Rossiya Seqodnya” agentliyinin baş direktoru Dmitri Kiselyov "Vesti nedeli" ("Həftənin xəbərləri") proqramının buraxılışındakı hansı bəyanata görə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Xarici İşlər Nazirliyinə çağırıldığını bilmədiyini deyib.
“Report” xəbər verir ki, o, bu barədə “NEWS.ru”ya açıqlamasında bildirib.
"Erməni qardaşlarımızı konkret hansı ifadənin narahat etdiyini başa düşmürəm. Hələlik şərh ediləcək bir şey yoxdur", - D.Kiselyov qeyd edib.
Xatırladaq ki, Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Səfirə Ümumrusiya Dövlət Televiziyasının yanvarın 12-də efirə gedən “Vesti nedeli” (“Həftənin xəbərləri”) verilişində səsləndirilən bəyanatlarla bağlı etiraz notası təqdim edilib.
Ermənistan XİN-in mətbuat xidmətindən bildirilib ki, verilişdə Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş süni şəkildə yaradılan narrativlər səsləndirilib.