AZ

Vətən tariximizin unudulmayacaq səhifəsi

Azərbaycan xalqı qədim tarixə və zəngin multikultural ənənələrə malikdir. Tarix boyu müdrik xalqımız digər etnik toplumların nümayəndələri ilə dinc, yanaşı yaşamış, qonşularla mehriban münasibətlər saxlamışdır. Azərbaycanlılar hətta ən çətin və dar məqamlarda son tikəsini belə qonşuları ilə bölməyə hazır olmuşlar. Bunlarla yanaşı azadlıqsevər xalqımız bütün tarixi zamanlarda əsarətə boyun əyməmiş, yadelli boyunduruğa qarşı cəsarətlə mübarizə aparmışdır və bu şərəfli yolda qurbanlar verməkdən belə çəkinməmişdir. XX əsrin sonlarında yaşadığımız tarix bu deyilənləri bir daha sübuta yetirdi. Həmin dövrdə Azərbaycan xalqı artıq öz dövlət müstəqilliyinin bərpası istiqamətində əmin addımlar atmaqda idi. Öz qəddarlığı ilə seçilən sovet imperiyası xalqımızı tutduğu müstəqillik yolundan çəkindirmək üçün qanlı cinayətə əl atdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridildi. Nəticədə dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü.

20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu. Faciənin törədilməsindən keçən 35 il müddətdə bu hadisəni doğuran səbəblərin, onun hüquqi, ictimai-siyasi, psixoloji nəticələrinin araşdırılması, öyrənilməsi və öyrədilməsi artıq ənənəyə çevrilmişdir.

Azərbaycan xalqının arzusu və tələbi ilə ölkəmizdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunurdu. 1994-cü il mart ayının 29-da ölkə parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə də 20 Yanvar faciəsi məhz Ulu Öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı. Bu isə öz növbəsində 20 yanvar Şəhidlərinin xatirəsinə ali diqqət və ehtiramı əks etdirən dövlət siyasətinin nəticəsi idi.1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. 20 Yanvar hadisəsi Vətən tariximizin heç zaman unudulmayacaq bir səhifəsidir. Qanlı Yanvar hadisəsi dünya azərbaycanlılarının təşkilatlanması  və milli kimliyimizin formalaşması prosesinə xüsusi təkan verdi.

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilmişdir. Bu Fərman bir daha onu göstərir ki, Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin əziz xatirəsini hər zaman uca tutur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. Hər il yanvarın 20-si saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Bütün şəhidlərimizin ruhu bu gün şaddır. Çünki qalib Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf yollarında sürətlə irəliləyir. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti ölkəmizi yeni-yeni zirvələrə daşıyır.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

Seçilən
3
ikisahil.az

1Mənbələr