AZ

ADNSU-da TKTA-nın nümayəndələri ilə birlikdə GÖRÜŞ

Yanvarın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyəti və struktur bölmə rəhbərləri ilə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, görüşdə ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov, TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, həmçinin agentliyin struktur bölmə rəhbərləri, universitetin prorektorları və dekanlar iştirak ediblər. 

Dosent Vazeh Əskərov qonaqları salamlayaraq cari tədris ilində universitetin uğurlarından, xüsusən də beynəlxalq reytinqlərdə əldə etdiyi nailiyyətlərdən bəhs edib və cari il üçün prioritetlərdən danışıb. Növbəti 5 il üçün agentliyin universitet qarşısında yeni vəzifələr və çağırışlar qoyduğunu deyən dosent Vazeh Əskərov bu çağırışları rəhbər tutaraq yeni hədəflərin müəyyən olunacağını və bu istiqamətdə aktiv fəaliyyət planının icrasına başlanacağını qeyd edib. 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov qədim tarixi kökləri olan bir ali təhsil ocağında olmaqdan məmnun olduğunu qeyd edərək ötən müddət ərzində ADNSU-nun reytinqlərdə və akkreditasiya prosesindəki uğurlarından danışıb və növbəti müddətdə 68 istiqamət üzrə tövsiyələrin icra olunmasına başlanıldığını deyib. O, qeyd olunan tövsiyələrin icrası ilə bağlı fəaliyyət planının tərtib olunmasının və digər məsələlər ətrafında geniş fəaliyyətin agentlik və universitet arasında sıx əməkdaşlığın göstəricisi olduğunu bildirib.

Görüşdə həmçinin ADNSU ilə TKTA arasında əməkdaşlığın perspektivləri, akkreditasiyası prosesinin əhəmiyyəti və ali təhsildə keyfiyyət standartlarına uyğunlaşma meyarları müzakirə olunub. Qarşılıqlı fikir mübadiləsi formatında keçirilən görüşdə iştirakçılar müzakirə edilən mövzular ətrafında öz fikirlərini bildirib və suallar səsləndirilib.

Sonda ADNSU-ya agentliyin institusional akkreditasiya şəhadətnaməsi təqdim edilib. 

Seçilən
7
5
azedu.az

7Mənbələr