Sizdən incik deyil, torpaq da, daş da..
Qədim latınlılar insanın adını onun özünə bərabər tutmuş, «Homen nomen» demişlər. Ada belə münasibət bizim də bir sıra xalq ifadələrimizdə təzahür edir: «İgid ölər, adı qalar». Bütün bu ifadələrdə ad, göründüyü kimi, san, nüfuz, reputasiyadır. Tanınmış adama «adlı-sanlı», bir pis əməl haqqında «heç adına-şəninə yaraşmır» deyilməsi də, şübhəsiz, təsadüf deyil…
Hörmətli oxucu, bir qayda olaraq, hər kəsi yalnız öz adı, yaxın qohumlarının adı maraqlandırır. Amma bu adı tanımaq, bu adla maraqlanmaq hər bir Azərbaycan vətəndaşının borcu olmalıdır. 25 dekabr 2024-cü il Bakıdan Qroznıya uçan Azərbaycana məxsus sərnişin təyyarəsinin, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması zamanı misilsiz şücaət göstərən bu səma qəhrəmanı, adı heç bir vaxt yüksəklərdən enməyən, daha doğrusu, enməyəcək mələk simalı, ay üzlü, səma gözəli Hökümə xanım Əliyeva haqqındadır.
Hökümə, qəribə addır, çox qəribə. İndi görəcəksiniz nə üçün… Ərəblərin «Hakəmə» felinin bir-birilə sıx əlaqəli iki məna axımı, törəmə səmti var: «hökm etmək» və «mühakimə yeritmək». Birinci istiqamət – «hökm etmək» – oğlan adı yaratmağa xeyli imkan verir. Lakin bizdə «Hakəmə» felinin bu mənasından törəyən təkcə bir ad var. O da qızlar üçündür: Hökümə.
Qəribə deyilmi? Hökümə – «Hökumət» deməkdir. Görünür, qadının, ananın evdəki «hakimiyyəti» nəzərdə tutulub. Bu halda o, «evin dayağı, tərbiyəçi» mənalarına daha yaxındır. Doğrudan da, adının mənası həm evdə, həm iş yerində və eyni zamanda cəmiyyət arasında özünü büruzə verdi. O dar məqamda, qiyamət gününü xatırladan və ona oxşar bir gündə, bütün heyəti ələ almaq, onlara ürək-dirək verməklə yanaşı, onlara arxa-dayaq oldu və onları əsl tərbiyəçi kimi sakitləşdirdi, onlara təsəlli verdi.
Qanadıqırıqlara məlhəm, kimsəsizlərə kimsə olmaq, fəryad içində inləyənlərə həssas bir könüllə qulaq vermək, yıxılana əl uzatmaq, ağlayanlara təbəssüm yaylığı uzatmaq, çarəsizlərə çarə olmaq da məhəbbət və mərifətin ifadəsidir. Hökümə bacım, belə bir deyim var: deyir, bir könül al ki, həcci-əkbər olsun. Siz bir yox, min yox, milyonların könlünü aldınız. Siz bütün türk dünyasının könlünü aldınız, millətindən asılı olmayaraq insanlıq dünyasının könlünü aldınız. Siz qəlblər fəth etdiniz. Elə fəthlərin ən gözəli isə qəlblərin fəthidir. Deyir, mərhəmət nədir? Səndə olanı olmayana verməyindir. Vicdan nədir? Özünü özündə görməyindir. Yəni könül dünyanda insanlıq heysiyyatını qoruya bilməyindir. İnsan dünyaya gələrkən tərbiyəçiyə möhtac doğulur. Çünki tərbiyə, xüsusilə də mənəvi təlim insanın ən mühüm ehtiyacıdır. Təyyarədə olan insanların sizin mənəvi təliminizə çox ehtiyacları olduğunu bütün dünya gördü.
Xidmət Allah-təalanın bəndələrindən tələb etdiyi ictimai bir qulluq vəzifəsidir. Yetərli etdiyi ictimai bir qulluq vəzifəsidir. Yetərli bilik və təcrübəyə sahib olmayan, əxlaqı və mənəvi inkişafa əhəmiyyət verməyən və işinin mütəxəssisi olmayan bir adam sözün əsl mənasında layiqincə xidmət edə bilməz. Xidmətdə uğur qazanmağın yeganə yolu səbrdir. Siz göstərdiyiniz səbrlə nümunə oldunuz, əsl məharət göstərdiniz. Siz xidməti sahədə o qədər həssas oldunuz ki, sanki minalanmış tarlada gəzirmiş kimi… Ustanın sənət və məharəti özünü təmir etdiyi əşyada göstərir.
Hökümə bacım, siz o qədər ustalıqla hərəkət etdiniz ki, sizin sənət əsəriniz heç vaxt «xarab» olmayacaq, hətta nəsillərə nümunə olacaq və əbədi qalacaq. Söz ona görə candan qiymətlidir ki, can gedər, söz qalar.
Könül torpaq altında çürümədiyi kimi, könül məhsulu olan əsərlər də eynilə o cür əbədiləşər. Onların ömürləri yaşayanlardan daha uzundur.
Hökümə bacım! Sənin sözünün şöhrətinin ölkələrə yayılması günəşin nurunun kainata yayılmasına bərabərdir. Şeyx Nizami buyurub ki:
Əzəldən ucadır kimin məqamı,
Onu əzizləyir hər yerdə hamı.
25 dekabr 2024-cü il. Səhər tezdən hamı işə tələsir. Hər kəs evdən işə gedəndə əllərini göyə qaldıraraq uca rəbbimdən onun həyatında hər şeyin yaxşı olmağı üçün dualar edir. Duanın qəbul olunması üçün gözümüzü səmaya tuşlayaraq bir müddət göyə baxıb, sanki duamızı yola saldıq təəssüratı yaratdıqdan sonra əllərimizi yanımıza salıb yolumuza davam edərək, işimizə tələsirik…
Hökümə xanım da öz intizamı ilə hamıya nümunə olaraq, hamı kimi işə tələsirdi…
İnsan dünyaya gələndə Allah-təala onun qarşısında müəyyən şərtlər qoyur. Buyur, yaşa, sənə tapşırılan öhdəlikləri ardıcıllıqla və layiqincə yerinə yetir. Bacım, sən borclarını elə tez qaytardın ki, özü də şərəflə, vicdanla, səksən-yüz yaşlı olan bir adamın ömrü boyu elədiklərindən də çox iş gördünüz, özü də qısa vaxt ərzində həyata keçirdiniz. Şeyx Nizami demişkən:
İnsan çox yaşasaydı ömür düşərdi gözdən,
Ömrünün dəyərini, az ömürdən istə sən.
Sən az ömürlə tarixdə iz qoydun. Tarixdə iz qoymaq hər adama nəsib olmur. Sizin kimi qəhrəmanlara nəsib olur. Yaşanılan hər an tarix deyil, əsil tarix odur ki, onun qızıl səhifəsinə qəhrəmanlıq dastanı yazasan. Bacım, sizin göstərdiyiniz səbrə, dəyanətə, mətanətə, dözümə, şücaətə görə sizi cənab Haqq cənnətlə müjdələyər və buyurur ki, «O nə gözəl bəndə idi». Doğrudan da siz gözəl bəndəsiniz. Ona görə ki, sizin kimi haqq yolunun yolçusu o müqəddəs sözü deyə bilərdi. «Hər şey yaxşı olacaq…» Belə bir deyim var, deyir ki, «Çalış gücünə görə yox, sözünə görə hörmət qazan. Qocalanda gücün bitəcək, sözün hər zaman dillərdə əzbər qalacaq». Elə Tanrı qələmi də lövhi-məhfuzda kainatın taleyin sözlə yazıb.
Heç kəs əyləşə bilməz sözdən yuxarı qatda,
Dövlətimiz, mülkümüz yalnız sözdür həyatda.
Kainatın yaradılışının əvvəli də sözdür, sonu da sözdür. Həyatda hər şey gəldi-gedərdir, əbədi qalan yalnız zəka gücündən yaranmış sözdür.
Tanrı yaratmışsa hər nə, yaxşı bax,
Sözdən başqa bir şey yaşamayacaq.
Sözün sayəsində yaşamağa qadirdi insan. Bacım, dediyiniz o müqəddəs söz, sizi daima yaşadacaq. Sözün tərəzisini quran ulu hökmdar Tanrıdır. İnsanın taleyi yaratdığı sözün dəyərindən asılıdır.
Varlığın anası doğmamış inan,
Sözdən gözəl övlad, şahiddir cahan.
Bacım, bu fani dünyadan neçə-neçə hökmdarlar gəlib-keçər və unudular, lakin könül sultanlarının adları və qoyub getdikləri əsərlər qiyamətə qədər davam edər. Dünya durduqca həmişə xoş xatirələrlə xatırlanacaq, yaşayacaq sizin o məşhur bir cümləlik «Hər şey yaxşı olacaq…» əsəriniz. Memar Əcəmi nə gözəl buyurub:
Biz gedərik, əsər gedər ruzigar,
Biz gedərik, əsər qalar yadigar.
Dünya şöhrətli yazıçılar var ki, onların əsərləri hamı tərəfindən oxunulmur. Amma sizin bu insanlıq, mərhəmətlik, mətanətlik, humanistlik əsəriniz bütün türk dünyasının şah əsəri olacaq və zaman-zaman oxunacaq ki, «Hər şey yaxşı olsun».
Bacım, sən qəhrəmanlığınla elə zirvələr aşdın ki, hələ səmanın bu zirvəsini aşan olmamışdı. İnsanlar hər dəfə çətinliyə düşdükdə, darda qaldıqda bir xilaskar gözləyirlər. İslam mədəniyyətinin yetişdirdiyi müstəsna şəxsiyyətlər daima ilahi eşq mənbəyindən feyz almışlar. Məsələn, ədəbiyyatın zirvəsinə çıxmış şair Füzulinin ən möhtəşəm güclü sədası və ədası dua idi. Onun «Saçma ey göz əşkdən könlümdəki odlarə su» deyə başlayan nərəsində yanıqlı könlündən sonsuzluğa uzanan aşiqanə yalvarışlarını eşidirik. Eyni zamanda Hökümə xanımın «Hər şey yaxşı olacaq» dediyi müqəddəs kəlimə bir ilahi yalvarışın, bir duanın, bir qeybdən gələn ilahi nidanın sədasına oxşayırdı. Bu möcüzəli söz narahat könüllərə bir rahatlıq gətirdi. Sanki yanan könüllərə, susuz dodaqlara su səpdi.
Osmanlılar zamanında xəstə olan evin pəncərəsinə qırmızı çiçək qoyulardı. Onu görən səyyar satıcılar buradan səssiz keçərdilər. Uşaqlar da başqa məhəllələrdə oynayardılar. Bacım, sizin sözünüzdən sonra hamı rahatlandı. Həzrət Mövlana buyurur ki, «səsini yox, sözünü qaldır. Çünki ağacların yarpaqlarını göy gurultusu yox, qara buludlardan yağan yağışlar isladır. Sizin o müqəddəs sözünüzdən sonra heç kim salonda səsini qaldırmadı. Tərbiyə etmək peyğəmbər peşəsidir. Tərbiyəçi olmaq üçün dərin bir təfəkkür üfüqü və məhəbbət dolu qəlb lazımdır. Cəmiyyətimiz daima ideal insan, keyfiyyətli insan, zərif insan həsrəti çəkdi. İnsanlar hər zaman şəxsiyyətlərə vurğundurlar. Daima onu axtarar, onunla təsəlli taparlar. Fatehlər hər zaman aranır. Aslan ürəkli igidlər olmasaydı, bu gün Qarabağ hələ də düşmən tapdağında inləyirdi. Biz də bir vəfa borcu olaraq, əziz vətənimizin azad bayrağı ilə bu günlərə gəlib çıxmasına səbəb olan o fədakar qəhrəmanlarımızı rəhmətlə və fatihələrlə yad etməliyik. Bu gün Qarabağ bacasından tüstü çıxan hər evin müqəddəs xatirəsində mütləq bir Qarabağ şəhidi var. Bu nəsildən-nəslə ötürülən şərəf ordenidir. Qarabağ bir daha tarixə şəhidlik məfhumunu açıq-aşkar nəqş etmişdir. Bu şəhidlərin qəbirləri millətin sinəsidir…
Hökümə Əliyevanın qəhrəmanlığı da Qarabağ qəhrəmanlığıdır. İnsanlar ən böyük əvəzi və fədakarlığı sevdikləri uğrunda ödəyərlər. Çünki hər kəs sevdiyi uğrunda, sevgisi nisbətində fədakarlığa qatlanar.
Hökümə bacım, siz ilk növbədə Allahı sevdiniz, onun yaratdıqlarını sevdiniz, peşənizi sevdiniz. Dünyada ən böyük imtahanımız məhəbbət və mərifət imtahanıdır. Bu iki imtahanı ən gözəl şəkildə qazananlar bütün imtahanların, iztirab, bəla və müsibətlərin öhdəsindən asanlıqla gələrlər. Ən böyük faciə zamanı imtahan verdiniz, insanlıq imtahanı, peşə imtahanı, xidmət imtahanı verməklə hamısından əla qiymətlər aldınız.
Mələk simalı bacım, siz o anda qoruyucu mələk oldunuz. Qəza gələndə insana beş bəla gətirər. İnsanın iki gözü görməz, iki qulağı eşitməz və bir ağzı danışa bilməz. Ona görə də deyilir ki, qəza bu beş bəla ilə gəlməsə, insan bu müsibətlərə dözə bilməz. Amma siz insan övladının tab gətirə bilmədiyi əzablara dözüb, səbr nümayiş etdirdiniz.
Allahın göndərdiyi əsil mələk siz idiniz ki, yolunuzdan çaşmadınız. Hökümə bacım, siz elə bir könül aldınız ki, gücsüzlərə xidmət etdiniz, zəifləri, könlüqırıqları qorudunuz. Əsl xidmət iztirabı qəlbləri fəth etmək, yorğun könüllərə rahatlıq vermək idi. Onu da bacardınız və ölümün gözünə dik baxaraq əsl qəhrəmanlıq göstərdiniz. Deyir, öldüyün zaman cismin kimi, isminlə də ölərsən. Əgər kərəm sahibi, xidmət sahibi olsan, ömrün cəsədindən sonra da fədakarlığın və könüllərə girdiyin nisbətdə davam edər.
Əziz bacım, siz milyonların könlündəsiniz. İnsanlıq durduqca, siz də yaşayacaqsınız. Siz insanlara əsl məhəbbət, nəvaziş göstərərək Allah-təalanı daha əziz bir sevgi ilə sevdiniz. Məqamı gəldikdə canınızı fəda edə bildiniz. Buna həqiqi eşq deyilir ki, siz Yaradandan ötrü könül sarayına yaradılanları olaraq insanlara şəfqətlə sevməyin dərsini keçdiniz. Bu, ilahi məktəbdən gələn mərhəmət dərsidir. Ölüm cismin ortadan qalxması deyil, Allaha doğru ucalmasıdır. Deyir, «Daima cənnətdə olmaq istəsən hər kəslə dost ol! Heç kimə kin bəsləmə».
Bacım, siz, elimizin, xalqımızın sevimlisi, əzizi olan səma gözəlisiniz, siz – sizi tanıyanların dostu oldunuz. Bu xeyirxah əməllərinizlə daima cənnət sakini olacaqsınız. Həzrət Mövlana buyurub ki: «Məzar cənnət qapısının pərdəsidir. Batmağı gördün, indi doğmağı da seyr et! Günəş və aya batmaqdan nə ziyan gələr? Sənə batmaq kimi görünər, lakin o, əslində yenidən doğmaqdadır».
Mələyim, sən günəş kimi həmişə Azərbaycan səmasına nur səpəcəksən. Torpaqda bitən güllər solar gedər. Qəlblərdə bitən güllər isə daimidir. Sən xalqımızın qəlbində solmayan əbədi gül olaraq qalacaqsan, hər bahar yenidən açacaqsan… Sizi yaşatmaq üçün yeni doğulan qız uşaqlarına Hökümə adı veriləcək.
Sizə ən yaxşı adı – qəhrəman adını – 29 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyev cənabları verdi – Azərbaycanın Milli Qəhrəmanı.
Əbədiyyət adını isə Cənab Haqq verəcək: «Səma mələyi», «Cənnət pərisi», «Cənnət sakini».
Əziz bacım, bu dünyadan nakam köçən, 21 yaşında bütün arzuları yarımçıq qalan, şagirdləri yolunu gözləyən müəllimə qızıma dediyim sözləri, göz yaşlarıma qərq olub deyirəm ki, ay mənim Mətanətim, Höküməm, məkanınız Cənnət, behişt yoldaşlarınız Fatimeyi Zəhra (ə) olsun, ey mənim gül ömrü yaşayan, güldən gözəl qoşa mələklərim. Ey mənim qəhrəman balam! Təltif olunduğun və olunacaq bütün adların mübarək olsun!
Mürvət Məcnunov
Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin,
Xəzər rayon yaşıllıq sahəsinin aqronomu,
I Qarabağ müharibə veteranı