Müsavat Partiyasının fəalını qətlə yetirməkdə ittiham olunan Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün təqsirləndirilən şəxsin anket məlumatları yenidən dəqiqləşdirilib.
Sonra təqsirləndirilən şəxs ifadə verib.
Təqsirləndirilən Elsevər İslamov bildirib ki, hadisəni törədən zaman içkili olub: “Hadisə günü iş yoldaşımı “Koroğlu” metrosunun qarşısından götürdüm. Maşınımı məktəbin qarşısında qoydum. “Balakən” kafesinə yollandıq. Kafedə 2-3 saat əyləşdik. Yeyib-içdikdən sonra taksi ilə “Koroğlu” metrosunun qarşısına getdik. İş yoldaşım evə getdi. Mən isə fikrimi dəyişib, maşınımı götürmək üçün məktəbə getdim. Məktəbə necə və nə ilə getdiyimi xatırlamıram. Məktəbə çatdım. Qapılar açıq, işıqlar sönülü idi. Sanitar qovşağa getdim. Qayıtdıqdan sonra dəhlizdəki stulda Natiqin yatdığını gördüm. Onunla münasibətim hər zaman yaxşı olub. Zarafat məqsədi ilə şəklini çəkdim. Yuxudan ayılmadı. Əlimlə taxtaya vurdum. Səsə ayıldıqda telefonu üzünə tutduğumu və şəkil niyə çəkdiyimi aqressiv formada soruşdu. Mən ona niyə qapıları açıq saxladığını, yatdığını və danışarkən niyə ayağa qalxmadığını soruşdum. O, isə cavabında mənə “içib gəlmisən üstümə, nə edəcəksən mənə”? deyərək söyüş söydü. Mən söyüşə görə onu vurdum. Natiq zərbədən yıxıldı və mən onun qarın və baş nahiyəsinə təpiklə təkrar zərbə vurdum. Sonra onu qaldıraraq stulda otuzdurdum və söyüş söyməyinin səbəbini soruşduqda Natiq yenidən söydü. Bu zaman başına bir yumruq vurdum. O, huşunu itirdi. Onun xırıldadığını və az sonra tərpənmədiyini gördüm. Ayağına vurdum, reaksiya vermədi. Nəbzini yoxladım, amma nəbzi vurmurdu”.
Təqsirləndirilən bildirib ki, səhərə az qalanda, az sonra şagirdlərin məktəbə gələcəyini düşünüb izi itirmək qərarına gəlib: "Maşınımla meyiti kənarlaşdıracaqdım. Maşına yerləşsin deyə bıçaqla onu hissələrə ayırdım. Qara paketə yığıb məktəbin pilləkənlərinin altında gizlətdim. İki gün sonra məktəbdə DİM imtahan keçirəcəkdi deyə qapılara plomb vurulacaqdı və məktəbə heç kim buraxılmayacaqdı. Onun üçün elə həmin gün günorta heç kim olmayanda paketi götürüb apardım”.
Daha sonra zərərçəkən şəxsin hüquqi varisi, bacısı Yeganə Mehdiyeva ifadə verib.
Yeganə Mehdiyeva qardaşı ilə hər gün danışdığını və Natiqin də ona qısa zamanda cavab verdiyini bildirib: “Qardaşım söyüş söyən biri deyildi. Mən onunla hər gün danışırdım. Vaxtı olmayanda belə mənə geri dönüş edəcəyini bildirirdi. Hadisə günü ona yazdım. Mənə iki gün cavab vermədi. Mən narahat oldum və qardaşım oğlu ilə əlaqə saxladım. Qardaşım oğlu mənə seçkilər ərəfəsi olduğunu və böyük ehtimal buna görə başının qarışıq olduğunu dedi. Ona qərargahdan maraqlanmağı tapşırdım. Qərargahın da ondan xəbərsiz olduğunu eşidib, biz polisə müraciət etdik. Onun qətlə yetirildiyini də bizə polis dedi”.
Proses fevralın 10-da davam etdiriləcək.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.