Unibank 2024-cü il ərzində müştərilərinə yüksək səviyyədə
xidmət göstərməkdə davam edib. Bank aktiv kreditləşməni həyata keçirərək, ölkə
iqtisadiyyatına öz töhfəsini verib. Ötən il ərzində "Unibank”ın ümumi kredit
portfelinin həcmi 107 milyon manat artıb. Yeni strateji hədəflərində real
sektorun inkişafına xüsusi yer ayıran Bankın prioritetlərinə uyğun olaraq,
biznes kreditlərinin həcmi ümumi kredit portfelinin tərkibində genişlənməkdə
davam edib. 2023-cü ilin analoji dövrü ilə müqayisədə biznes kreditlərinin
ümumi kredit portfelində payı 31 dekabr 2024-cü il tarixinə 40 %-ə yaxınlaşıb.
Ümumilikdə isə biznes kredit portfeli 2023-cü ilin
müvafiq dövrü ilə müqayisədə 33 % artaraq, 437 milyon manata çatıb. Biznes portfelin tərkibində
SME kreditlərinin payında kəskin artım qeydə alınıb. 2024-cü ilin sonuna SME
portfelində 63% artım olub. Mikrokreditlərin biznes portfeldə həcmi 23%, hesabat
dövründə verilmiş mikro kreditlərin həcmi isə 20 % artıb. Unibank regionlarda və
ucqar kəndlərdə mikro sahibkarlara müxtəlif sektorlar üzrə kredit əlçatanlığını
artırmaqla, maliyyə inklüzivliyinə və sosial-iqtisafi inkişafa töhfə verməkdədir.
Ötən ilin nəticələrinə görə, mikrokreditlər üzrə
portfelin 70 %-ə yaxını regionların payına düşür.
Unibank KB
ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov
bildirib ki, ötən il Bank üçün əhəmiyyətli illərdən biri olub: " İl ərzində əldə etdiyimiz maliyyə nəticələri
qarşıya qoyduğumuz hədəflərə uyğundur. Həm biznes, həm də pərakəndə müştərilərimizə
münasibətdə, fəaliyyətimizin və bankçılıq xidmətlərimizin ESİ (Ekoloji, Sosial
və İdarəetmə) prinsiplərinə uyğunluğuna xüsusi diqqət etmişik. Bu sahədəki fəaliyyətimiz
Bankın yaşıl iqtisadiyyata, dayanıqlı maliyyə ekosisteminin dəstəklənməsinə
öz töhfəsini verməyə hər zaman hazır olduğunun göstəricisidir. Ötən il
Unibankın tarixində yaşıl maliyyələşmə istiqamətində iki mühüm layihəmizlə
yadda qaldı. Azərbaycan bazarında ilk dəfə olaraq qabaqcıl beynəlxalq
standartlara uyğun, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən qiymətli
kağızlar buraxdıq. Bu istiqrazlar, yaşıl maliyyələşmənin inkişafına töhfə verməklə, investorlara "dayanıqlı gələcəyə” yatırım etmək
imkanı yaradır. Digər bir layihəmiz isə Bakının taksi parkında ekoloji cəhətdən
daha təmiz olan hibrid avtomobillərin sayının artmasına maliyyə dəstəyini nəzərdə
tutan əməkdaşlıq oldu.
2024-cü il bu hədəflərin bir hissəsi olan nağdsız
dövriyyənin ciddi artımı ilə də yadda qalıb. İlin sonuna nağdsız əməliyyatların
həcmi 39 % artaraq, 12,3 milyard manata keçib.
Unibank kartları üzrə nağdsız əməliyyatların sayı isə 2023-cü ilin sonu ilə
müqayisədə 44 % artaraq, 361,5 milyonu ötüb.
Hesabat dövründə əsas maliyyə göstəricilərində yüksəlmə
qeydə alınıb. Dövr ərzində Bankın məcmu gəlirləri 35 milyon manat artıb. Bununla
da ötən ilin sonuna faiz və qeyri-faiz gəlirlərinin
cəmi 355 milyon manat təşkil edib. Unibank 2024-cü ili 20,4 milyon manat xalis mənfəətlə
başa vurub. Bankın əməliyyat mənfəəti isə 63 milyon manat olub.
Unibank- Sənin Bankın!
www.anews.az