AZ

Yaxın Şərqdə müharibə riski artır -ABŞ hərəkətə keçə bilər

"Əgər İsrail İranın nüvə mərkəzlərini tamamilə dağıtmaq üçün hərbi əməliyyatlara başlayarsa, Donald Tramp bu məsələyə yaşıl işıq yandıra bilər. O, seçki prosesində İranın onun əleyhinə təbliğat apardığını, paralel olaraq təşkil olunan sui-qəsdlərin içərisində İran barmağının olduğunu da iddia edir. Ona görə də İran-ABŞ arasındakı təzadlar bilavasitə Trampın İrana münasibətilə birbaşa əlaqəlidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Natiq Miri ABŞ-İran münasibətlərini şərh edərkən dedi. Onun sözlərinə görə, İsrailin İrana münasibətləri həm də İsrail kontekstində baxılmalıdır:

"Donald Trampın hələ birinci prezidentlik dönəmində onun İrana baxışı mənfi yöndə idi. Tramp bir evangelistdir və onlar daha çox xristian toplumunu yəhudilərin qarşısında kölələşdirmək siyasətini yürüdür. Bu baxımdan Tramp yəhudilərdən daha çox yəhudi kimi görsənən siyasətçi, biznes adamıdır. Buna görə də İsrailə düşmən olan və İsrailin özünə düşmən saydığı hər bir ölkə dolayısı ilə həm də Tramp üçün düşməndir. Bu kontekstdə Tramp hakimiyyətə gələn kimi demokratlarla Avropanın bəzi ölkələri və İran arasında nüvə sazişindən birtərəfli qaydada çıxdı. Həmin siyasət davam edəcək. Trampın İrana münasibət dəyişməyib. O, buna dəfələrlə işarə edib və İranın nüvə silahı əldə etməsinin qəbuledilməzliyini vurğulayıb".

Politoloqun sözlərinə görə, İranın Rusiya ilə yaxınlaşması və hərbi-strateji əməkdaşlığı regionda qüvvələr balansını dəyişir. 

"İran-ABŞ münasibətləri çox ziddiyyətlidir və gələcək perspektivdə hətta İranın nüvə mərkəzlərinin vurulması hadisəsini də gözardı etməməliyik. Yəni ehtimallar sırasında bu hadisə var və İsrail dolayısı ilə buna hazırlaşır və paralel İran da buna hazırlaşır. Ötən gün İranın hərbi təlimləri təxminən bütün nüvə obyektlərini qoruyacaq havadan müdafiə sistemləri ilə əlaqəli idi, bir də bunun üstünə Rusiya ilə strateji tərəfdaşlıq sənədi gəlir. Bütün bunlar hamısı müharibəyə hazırlıq xarakteri daşıyır. Pezeşkianın bəzi məsələləri təkzib etməsi, İranın mənafeyini qorumaq xarakterlidir. İran dövlətinin mənafeyini qorumaq məcburiyyətindədir. Yəni bu açıqlamaları bir növ həqiqət kimi qəbul etmək də doğru olmaz", - deyə Natiq Miri vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Seçilən
1
redaktor.az

1Mənbələr