AZ

Bakıda bir qrup şəxs tikinti şirkətinin rəhbərini dələduzluqda ittiham edir

Kömək üçün Turan agentliyinə müraciət edən və adının açıqlanmasını istəməyən zərərçəkən bildirib ki, 2024-cü ilin iyulunda öz evinin rekonstruksiyası üçün "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti ilə rəsmi müqavilə bağlayıb: "Bu 58 000 manatlıq müqavilə idi. Mən “Algaplaza”da şirkətin ofisində 44 000 manat ödədim və qalan məbləği də açarları təhvil verərkən ödəmək niyyətində idim. Müqavilə üzrə işlər sentyabrın 15-dək başa çatdırılmalıydı. Lakin şirkətin rəhbəri Samir Umudov müxtəlif bəhanələrlə işi təxirə saldı, sentyabrdan oktyabra, sonra da noyabra keçirdi. Sonda başa düşdük ki, heç bir iş görülmür. O, ucuz materiallardan istifadə etdi və evimə ziyan vurdu. Polisə şikayət etməkdən başqa çarəm yox idi. O, mənə dedi: "Qardaşım polisdir, heç kim mənə toxuna bilməz".

Ərizəçi qeyd edib ki, nə o, nə də 10 nəfər digər zərərçəkən heç bir maddi və ya mənəvi təzminat almayıb: "O, sadəcə, məndən pul almayıb, tikinti və təmir bəhanəsi ilə 10 nəfərdən fərqli məbləğlər alıb. Əvvəllər adamları aldatmaq üçün başqa addan, STGroup şirkətinin adından istifadə edib. Polis Samir Umudovun barəsində cinayət işi açıb, lakin hələlik heç bir irəliləyiş yoxdur. Bununla bağlı səkkiz müxtəlif instansiyaya yazmışam. Mən qanuna inanıram və bilirəm ki, o, layiqli cəzasını alacaq. Bu qədər insanın göz yaşları cavabsız qalmayacaq".

Samir Umudovun özü ilə əlaqə saxlamaq mümkün olmasa da, onun vəkili Oqtay Cəfərbəyli Turan agentliyinə təsdiqləyib ki, cinayət işinin istintaqı davam edir: "Lakin ittihamları təsdiqləyən yoxlanılmış faktlar yoxdur. Araşdırma davam edir və istintaqın məxfiliyi saxlanılmalıdır. İştirak etdiyim proseslərdə dələduzluğu dəstəkləyən heç bir dəlil görmədik".

Vəkil qeyd edib ki, Samir Umudovun hərəkətlərində təsdiqlənmiş dələduzluq faktları yoxdur: "Bu, tərəflər arasında mülki işdir. İnşaat başladı və söhbət real məbləğdən və fiziki işlərdən gedir. Bu işdə keyfiyyət problemləri və ya qüsurlar olsa da, bu, mülki məhkəmə icraatı çərçivəsində həll edilməli bir məsələdir. Ümid edirik ki, obyektiv araşdırmadan sonra iş bağlanacaq".

Samir Umudovun işinin mülki və ya cinayət məcəllələrinin maddəsinə uyğun olub-olmamasını istintaq araşdıracaq.

Seçilən
4
turan.az

1Mənbələr