AZ

Azərbaycanda hansı idman növləri daha yaxşı inkişaf edib, hansıların daha çox inkişafa ehtiyacı var? - AÇIQLAMA

Son zamanlar ölkəmizdə idmanın bir çox sahələrinin, o cümlədən güləş, gimnasitika, voleybol və digər növlərin inkişafına şahid oluruq. Xüsusilə "Qarabağ" futbol klubunun hücumçusu Olavio Juninyoya LaLiqa təmsilçisi "Sevilya"nın təklifini bu baxımdan sevindirici hesab etmək olar. Eləcə də gimnastika və basketbol üzrə təmsilçilərimiz Paris-2024 yay olimpiya oyunlarında uğurlu çıxışlarla yadda qalıblar. 

Bəs Azərbaycanda daha hansı idman növlərinin inkişaf etməsinə ehtiyac var? Bu baxımdan nə kimi dəyişikliklər etmək lazımdır?

Bu barədə idman jurnalisti Rövşən Binnətli 90deqiqe.Az saytına açıqlamasında bildirib ki, milli idman növü saydığımız güləşi daha çox inkişaf etmiş adlandırmaq olar, lakin cüdo, bədii gimnastika, taekvondo, ağırlıqqaldırma, boks idman növlərini də qeyd etmək mümkündür:

"Azərbaycanda inkişaf etmiş idman növləri dedikdə, əsasən, sadalanan bu idman növləri öndədir. Xüsusi marağı nəzərə alaraq, istər xarici, istərsə də yerli mütəxəssislər onları iki qrupa bölürlər - hər hansı bir ölkə üçün xarakterik olan idman növləri və qeyriləri. Belə bir bölgü tam obyektiv olmasa da, müəyyən mənada, reallığı əks etdirir. Ancaq bu o demək deyil ki, xarakterik sayılmayan idman növləri ümumiyyətlə arxa plana keçməlidir.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilərkən bu növün ölkəmizdə inkişafının mümkünlüyünü vurğulayırdı. İlk vaxtlar deyilənləri gerçəkləşdirməyin mümkünlüyünə inanmayanlar daha çox idi. Lakin gimnastlarımız dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında favorit ölkələrin idmançıları ilə rəqabət aparmaq gücünə gətirildi. Hətta qitə çempionu adını qazanan gimnastımız da yetişdi".

R.Binnətli onu da qeyd edib ki, Azərbaycan idman ölkəsi kimi tanınır və qəbul edilir:

"Bakıda, eləcə də bölgələrimizdə təxminən 50 Olimpiya-İdman Kompleksi fəaliyyət göstərir. Yəni dövlətimiz üzərinə düşən əsas missiyanı - müasir infrastrukturu yaradıb. Onlardan peşəkar istifadə bacarığı lazımdır. Bu isə təcrübəli mütəxəssislərlə yanaşı, ölkə idmanının durumuna cavabdehlik daşıyan qurumların, ayrı-ayrı federasiya rəhbərlərinin görməli, yerinə yetirməli olduğu missiyadır. 

İnsanlarımızın üzgüçülüyə, velosiped sürməyə marağı yüksəkdir. Siyahını artırmaq da olar. Səlahiyyət sahibləri marağı peşəkar səviyyəyə yönəltməyə çalışmalı, həvəskarlıqdan peşəkarlığa gedən yolu müəyyənləşdirmək müstəvisində fəaliyyət göstərçəlidirlər".

Mövzu ilə bağlı idman jurnalisti Fuad Eldarovun da fikirlərini öyrəndik. O hesab edir ki,  Azərbaycanda inkişafa ehtiyacı olan bir sıra idman sahələri var:

"Hazırda inkişafa ehtiyacı olan idman sahələri daha çox su idman növləri, qış idman növləri və qeyri-olimpiya  idman növləridir. Əlbəttə, aidiyyatı qurumlar bu yöndə işlərini davam etdirir". 

F.Eldarov qeyd edib ki, sonuncu olimpiya oyunlarında qazanılan qələbələrə baxdıqda şərq idman növlərinin şahı olan cüdonun ölkəmizdə inkişaf etdiyinin şahidi oluruq.

"Atıcılıqda ölkəmizin olimpiya qızılı var, lakin bu idman növü üzrə  heç bir yadda qalan nəticəmiz yoxdur. Eynilə kamandan oxatma yarışlarında da inkişaf tələb olunur. Beynəlxalq arenalarda Yaylagül Ramazanova ölkəmizi layiqincə təmsil edir, ancaq  bir idmançının inkişafı idmanın inkişafı demək deyil".

 

F.Eldarovun fikrincə idman növlərinin inkişafı üçün mövcud şəraitin yaradılması ilə kifayətlənmək olmaz, bunun üçün təbliğat aparılmalı və idmançılar yetişdirmək baxımından işlər planlaşdırılmalıdır.

Fəxriyyə Adil

 

Seçilən
0
1
90deqiqe.az

2Mənbələr