Yanvarın 14-də Xətai Rayon Məhkəməsi “Meydan” TV-nin jurnalisti Xəyalə Ağayevanın ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib. Bu barədə Turan-a onun vəkili Nazim Musayev bildirib.
Onun sözlərinə görə, jurnalistin həbsdə saxlanılması üçün maddi və prosessual əsaslar yoxdur. Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.
Yaxın günlərdə “Meydan” TV-nin digər jurnalistlərinin də ev dustaqlığına buraxılması barədə vəsatətlərə baxılacaq.
* Dekabrın 6-da “Meydan” TV-nin əməkdaşları Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova, Natiq Cavadlı və jurnalist-frilanser Ramin Deko (Cəbrayılzadə) valyuta qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar. Dekabrın 8-də məhkəmə onların hamısını həbs edib.
Jurnalistlər cinayət işini öz peşə fəaliyyətlərilə əlaqələndiriblər. Hüquq müdafiəçiləri onları siyasi məhbuslar kimi tanıyıblar.