Astana "qara qutu"ların oxunması barədə nəticələri Bakıdan əvvəl Moskvaya təqdim edib?
Artıq mediada qəzaya uğrayan AZAL təyyarəsinin "qara qutu"larının deşifrə edilməsinin görüntüləri yayılıb. Bu işlə Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi məşğul olub.
Mərkəzdə artıq "qara qutu"lar oxunub. Qazaxıstan Nəqliyyat Nazirliyi deşifrə edilmiş məlumatların araşdırılmasına yaxın günlərdə Astanada başlanılacağını bəyan edib.
Lakin Brazilya tərəfinin deşifrə edilmiş "qara qutu"ların materiallarını Qazaxıstan tərəfinə təqdim etməsindən artıq beş gün keçməsinə baxmayaraq, rəsmi Astana hələ heç bir açıqlama verməyib. Nəticələr hələ Azərbaycana verilməyib. Lakin rus mətbuatında gedən xəbərlər təsdiqləyir ki, "qara qutu"nun oxunması ilə bağlı nəticələr artıq hazırdır və onlar Rusiya hökumətinin əlindədir.
Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, Bakıdan Qroznıya uçan və Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin “qara qutu”larının dekodlanması mətbuatda səslənən bəzi ilkin qənaətləri təsdiqləmir.
O qeyd edib ki, qeydiyyat aparatlarının deşifrəsindən sonra əldə edilən məlumatlar istintaqın yekun nəticələrini gözləməyin zəruriliyindən xəbər verir.
“Braziliyada xüsusi görüş keçirildi, “qara qutular” açıldı, onların məzmunu artıq çoxlu maraqlı məlumatlar təqdim edib ki, onların məzmunu bizi bir daha əmin edir ki, tam hüquqlu araşdırmanı gözləmək lazımdır” - deyə nazir əlavə edib.
Maraqlıdır ki, "qara qutu"lar barədə Azərbaycan tərəfi heç nə bilmədiyi halda, Rusiya XİN şefi artıq nəticələr barədə məlumatlara malikdir. Özü də Lavrovun ritorikasından belə görünür ki, nəticələr Rusiyanın xeyrinədir. Çünki mətbuatda gedən məlumatların əsasını o təşkil edirdi ki, təyyarənin vurulmasında və onun nəticəsində qəzaya uğramasında ən azı Rusiyanın bir neçə rəhbər vəzifəli şəxsinin günahı var. Məsələn, günahkarlar sırasında birinci yerdə Ramzan Kadırovun qardaşı olğlu, Çeçenistan Təhlükəzislik Şurasınin sədri Həmzət Kadırov gəlirdi. İddialara görə, Qroznı üzərində "Xalca" rejimi, yəni hava məkanının bağlanması barədə əmr təyyarə vurulandan azı beş dəqiqə sonra verilib. Yəni təyyarə vurulanda Qroznı səması uçuşlara bağlı olmayib. Bu isə Çeçenistan Təhlükəsizlik Şurasının rəhbərində cinayət məsuliyyəti yaradır.
İkincisi, təyyarə vurulandan sonra Qroznı hava limanının dispetceri təyyarəni qəbul etməyib. Baxmayaraq ki, təyyarə eniş zolağına kifayət qədər yaxın olub, hətta sərnişinlər belə eniş zolağını görüb. Sərnişinlər eniş zolağını görübsə, pilotun eniş zolağını "qatı duman" səbəbindən görə bilməməsi mümkün deyil.
Üçüncüsü, Şımali Qafqazda heç bir hava limanı təyyarəni qəbul etməyib, onu Xəzər dənizinin o tayına, 430 km uzaqlıqda və Xəzər dənizin o biri sahilində olan Aktau hava limanına yınəldib. Bütün bunlar şahid ifadələri ilə təsdiqlənib və mediada yayılıb. S.Lavrov məhz bu ehtimalların özünü doğrultmadığını iddia edir.
Qazaxıstan nəticələri Azərbaycana ən tezi yanvarın sonunda təhvil verə bilər...
Birinci sual ondan ibarətdir ki, nəyə görə "qara qutu"ların oxunması barədə nəticələr Azərbaycandan əvvəl Rusiyaya təqdim edilib? İkincisi, bu nəticələri Moskvaya kim təqdim edib - Astana, yoxsa Braziliya?
Bu yerdə bir məsələni qeyd etmək yerinə düşər ki, qəzaya uğrayan təyyarənin istehsalçısı hansı ölkədə yerləşməsindən asılı olmayaraq transmilli korporasiyadır. Embraer təyyarə istehsalı şirkəti bu sahədə dünya nəhəngi olan Boeing şirkətinin "bacı"sıdır. Əsas ofisi Nyu-Yorkda mənzillənib. Yəni Embraer bir Anerika şirkətidir və belə məsələlərdə Braziliyadan daha çox ABŞ dövlətini eşidir. Ona görə də "qara qutu"ların nəticələrini Rusiyaya Embraer şirkətinin və ya Braziliya tərəfinin verməsi mümkünsüzdür. Digər tərəfdən, Lavrovun bəyanatı nəticələrin Qazaxıstana verilməsindən dərhal sonra səsləndirildi. Əgər nəticələri Braziliya tərəfi təqdim etmiş olsaydı, o bunu Qazaxıstana təhvil verməzdən əvvəl Rusiyaya təqdim edərdi və Lavrovun bəyanatları da daha əvvələ təsadüf edərdi. Deməli, nəticələri Rusiyaya Qazaxıstan təhvil verib.
Güman edirik ki, Rusiya "qara qutu"ların nəticələrini saxtalaşdırmaqla hələ də günahı öz üstündən atmaq cəhdlərində bulunmaqdadır. Ona görə də Qazaxıstana nəticələrin Azərbaycana təhvil verilməsini bir qədər gecikdirməyi sifaris verib. Bu geçikmə ilə Rusiya nəyə ümid edə bilər?
Fikrimizcə, Putin düşünür ki, 20 yanvar tarixindən sonra bu məsələ barədə Donald Trampla şəxsi münasibətlərdən istifadə edərək dil tapmaq olar. Ona görə də Qazaxıstan "qara qutu"ların oxunma nəticələrini yanvarın sonuna qədər Azərbaycana təhvil verməyəcək.
Lakin Azərbaycan tərəfi nəticələrin daha qısa müddətdə təhvil verilməsini Qazaxıstan hökumətindən tələb etməlidir.
Digər tərəfdən, AZAL bir müştəri kimi nəticələri Embraer şirkətindən də tələb edib ala bilər.
Akif NƏSİRLİ