- "Bank Respublika"dan 2024-cü ilin nəzərəçarpan göstəriciləri - YENİ REKORD
Bakı, 15 yanvar, 2025. Bank Respublika 2024-cü ili onun dayanıqlılığını və etibarlılığını təsdiqləyən möhtəşəm maliyyə nəticələri ilə başa vurub.
Hesabata əsasən, Bank, Azərbaycanda bank xidmətləri bazarındakı lider mövqelərini daha da gücləndirib və ötən illə müqayisədə bütün maliyyə göstəriciləri üzrə dinamik inkişaf nümayiş etdirib:
- Bankın aktivləri artaraq 2,18 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
- Bankın məcmu kapitalı 34% artaraq 222,23 milyon manat təşkil edib, bu isə tənzimləyici normadan 4 dəfə çoxdur.
- Bankın kredit portfeli 25% artaraq 1,47 milyard manat təşkil edib.
- Bankın xalis faiz gəliri 29% artaraq 150,54 milyon manat olub.
- Bankın xalis əməliyyat mənfəəti 31%-dən çox artaraq 68,66 milyon manat olub.
- Bankın xalis mənfəəti 26% artaraq 50,57 milyon manat təşkil edib.
2024-cü ildə Bank Respublika, həm bank, həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsini davam etdirmişdir. Bank, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EIB Global), Niderland İnkişaf Bankı (FMO) və Cənub-Şərqi Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır.