Yevlax rayonunda 2000-ci il təvəllüdlü Qədir ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı İradəyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
hakimiyyet.az Teleqraf.com-a istinadla xəbər verir ki, İradə hadisədən bir neçə gün əvvəl qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Qədirdən küsərək Yevlax şəhərinə, valideynlərinin evinə gedib. Qədir barışmaq üçün İradənin valideynləri ilə yaşadığı evin qarşısındakı küçəyə gəlib.
Qədir küçəyə açılan qapının bağlı olduğunu görüb və hasardan aşaraq həyətə keçib. Daha sonra İradəni uca səslə çağırıb.
İradənin həyətə çıxmadığını görəndə münaqişəyə cəlb etmək məqsədilə onu ucadan nalayiq sözlərlə söyüb. İradənin yenə həyətə çıxmadığını görüb və yumruqla vuraraq evin pəncərəsinin şüşəsini sındırıb.
Qaynı Sahil evin giriş qapısını açanda o, özü ilə gətirdiyi mətbəx bıçağı ilə İradəni vurmaq qərarına gəlib. Nalayiq söyüşlərinə davam edib, İradənin üzərinə hücum çəkərək azyaşlı qızı və qardaşının gözü qarşısında ona bıçaq zərbələri vurub.
İstintaq orqanı tərəfindən Qədirin barəsində Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qədir ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, hadisə baş verməmişdən təxminən bir ay əvvəl qeyri-rəsmi ər-arvad kimi yaşadığı İradə, 2015-ci il təvəllüdlü qızı Səbinə və 2022-ci il təvəllüdlü qızı Dənizlə birlikdə Bakı şəhərinə gedib. Ayna Sultanova prospektində bina evində kirayədə yaşayıb: "Ev tutaraq yerləşdikdən sonra qaynanam Fatimə və onun gəlini Lalə də bizim evə gələrək birlikdə yaşalmağa başladılar. Bundan narazı olduğuma görə arvadımla aramızda mübahisə yarandı. Qayınanamın yüngül həyat tərzi keçirdiyini bildiyim üçün onun bizimlə yaşamasına etiraz elədim".
Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin iyul ayının təxminən 14-15-də arvadının anası Fatimə ilə birlikdə yüngül həyat tərzi keçirdiyini, evə kənar şəxs gətirdiklərini başa düşüb: "Buna görə aramızda münaqişə yarandı. İyulun 18-də Bakıdan Ağdaş şəhərinə qayıtdım. Səhəri günü İradə və onunla qalanlar da kirayə evdən çıxaraq öz yaşadıqları Yevlax şəhərinə qayıtdılar".
Qədir qeyd edib ki, iyulun 22-də İradəni qorxutmaq, onun xəyanət etməsinin qarşını almaq üçün yüngül formada cəzalandırmaq məqsədi ilə Yevlax şəhərinə gedib: "Onların həyətinə daxil oldum, İradəni səsləyərək çağırdım. O, evin həyətinə açılan pəncərənin qarşısına gəlsə də, qapını açmadı. Bu zaman əsəbiləşərək yumruqla pəncərənin şüşəsinə zərbə endirdim, şüşə qırıntıları sağ biləyimi kəsdi. Səs-küyə gələn İradənin qardaşı evin qapısını açdıqda içəri girdim. Özümlə gətirdiyim mətbəx bıçağı ilə İradəni iki-üç dəfə vurdum. Qan axdığını görəndə bıçağı yerə ataraq oradan uzaqlaşdım.
Mən İradəyə qapını açmadığı üçün əsəbiləşərək bıçaqla xəsarət yetirmişəm".
İş üzrə zərərçəkmiş qismində ifadə verən İradənin sözlərinə görə, 2014-cü ilin mayından Qədirlə nikahdankənar ailə həyatı qurmaqla ər-arvad kimi birlikdə yaşayıb: "4 iyun 2024-cü ildən Bakıda Ayna Sultanova prospektində kirayədə qalırdıq. Anam və qardaşımın arvadı da bizimlə birlikdə yaşayırdılar. Qədir çox qısqanc olduğuna görə heç bir əsas olmadan mübahisə edir, məni başqa şəxslərlə danışmaqda və görüşməkdə günahlandırdı. Buna görə iyulun 18-də aramızda baş vermiş mübahisə səbəbindən Qədir bizi Bakı şəhərində qoyaraq Ağdaş şəhərinə qayıtdı".
İradə qeyd edib ki, iyulun 19-da oradan çıxaraq Yevlax rayonuna atası evinə qayıdıblar: "İyulun 22-də saat 6 radələrində Yevlaxdakı evdə yatdığımız vaxt pəncərənin, qapının döyüldüyünü, Qədirin nalayiq sözlərlə məni çağırdığını eşitdim. Yatağımdan duraraq pəncərəsi həyətə açılan zala keçdim. Pəncərədən baxanda Qədiri gördüm.
Səs-küyə qardaşım Sahil və onun arvadı Lalə də yuxudan oyandı. Qapı-pəncərəni açmadığımı görən Qədir yumruqla vurub otağın pəncərəsini sındırdı. Şüşə onun sağ qolunu kəsdi. Pəncərə sınandan sonra Qədiri sakitləşdirmək üçün qardaşım Sahil evin qapısını açdı. Bu zaman Qədir əlindəki bıçaqla evə girdi. Giriş qapısının yanında bıçaqla bir dəfə sağ qoltuqaltı, iki dəfə də üz nahiyəmə vurdu. Bıçaq sağ göz nahiyəmə xəsarət yetirdi.
Qədir məni bıçaqla vuranda qardaşım və qızım da orada idi. Qardaşım Qədirin qarşısına duraraq ona mane olmağa çalışsa da, gücü çatmadı. Qədir məni üç dəfə vurduqdan sonra bıçağı ora tullayaraq getdi. Evimizin yaxınlığında yaşayan Rasim öz avtomobili ilə məni Yevlax şəhər Mərkəzi Xəstəxanasına apardı".
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Qədir 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.