Bu gün ABŞ-ın Misir və Qətərlə birlikdə bir neçə aylıq intensiv diplomatiyadan sonra İsrail və HƏMAS atəşkəs və girovlar barədə razılığa gəliblər.
"Unikal"ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Ağ evdə keçirdiyi brifinqdə deyib.
O bildirib ki, razılaşma əsasında döyüşlər dayandırılacaq, Qəzzada fələstinli mülki şəxslərin ehtiyac duyduğu humanitar yardımlar artırılacaq və 15 aydan çox saxlanılan girovlar ailələrinə qovuşacaq.
Bayden əlavə edib ki, HƏMAS-İsrail razılaşmasının birinci mərhələsi altı həftə davam edəcək və buraya tam atəşkəs, İsrail qüvvələrinin Qəzzanın bütün məskunlaşmış ərazilərindən çıxarılması və HƏMAS tərəfindən saxlanılan bir sıra girovların azad edilməsi daxildir. “Mən bu planı 2024-cü il mayın 31-də verdim, bundan sonra o BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə təsdiqləndi. Bu, təkcə HƏMAS-ın məruz qaldığı təzyiqin, Livanda atəşkəsin əldə olunması və İranın zəifləməsindən sonra dəyişmiş regional vəziyyətin deyil, həm də qətiyyətli və zəhmətkeş Amerika diplomatiyasının nəticəsidir”, -deyə Bayden bildirib.