AZ

Ötən il Azərbaycanda yaşıl enerji istehsalı 2 dəfəyə yaxın artıb

Bakı, 16 yanvar, AZƏRTAC

Ötən ilin 12 ayında elektrik enerjisinin istehsalı 3,01 faiz azalaraq 28 milyard 394,1 milyon kilovat-saat olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 12 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 24 543,2 milyon kilovat-saat, SES-lərdə 3 milyard 11 milyon kilovat-saat, digər mənbələr üzrə isə 839,9 milyon kilovat-saat təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 51,1 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 556,3 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 232,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Beləliklə, 2024-cü il ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 2023-cü ilə nisbətən 1 milyard 728,7 milyon kilovat-saat artaraq 3 milyard 850,9 milyon kilovat-saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 138,6 milyon kilovat-saat (İES-lərdə 22 milyard 322,9 milyon kilovat-saat, SES-lərdə 2 815,7 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 490,4 milyon kilovat-saat (İES-lərdə 253,4 milyon kilovat-saat, SES-lərdə 176,2 milyon kilovat-saat, GES-də 60,8 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 38,5 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 2 726,6 milyon kilovat-saat təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 1 milyard 397,5 milyon kilovat-saat, idxalı isə 170,5 milyon kilovat-saat olub.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 466,4 milyon kilovat-saat olub. Bu dövrdə elektrik enerjisinin ixracı 142,3 milyon kilovat-saat, idxalı isə 10,6 milyon kilovat-saat təşkil edib.

 

Seçilən
9
3
azertag.az

4Mənbələr