AZ

ABŞ-la Ermənistan arasında imzalanmış sazişin Azərbaycan üçün böyük ölçüdə əhəmiyyəti yoxdur



ABŞ-la Ermənistan arasında strateji dialoq səviyyəsinin strateji tərəfdaşlığa yüksəldilməsi istiqamətində artıq bir neçə aydır müəyyən proses gedirdi. Qarşılıqlı çoxsaylı səfərlər və müzakirə olunan məsələlər belə bir sənəndin imzalanacağı ehtimalını artırırdı.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Ermənistan tərəfi belə bir sənədin Tramp hakimiyyəti dövründə imzalanma perspektivlərinin aşağı olduğunu bildiyi üçün sənədin məhz indi, yəni Bayden hakimiyyəti dövründə imzlanması üçün səy göstərirdi:

"Eyni dərəcədə ABŞ-da olan erməni lobbisi də Respublikaçılar dönəmində Trampa təzyiq rıçaqları olmadığından sənədin indi imzalanması üçün Bayden adminstrasiyasına təzyiq göstərirdilər. Nəticədə müvafiq sənəd imzalandı. Amma necə? Sənədin dövlət başçıları deyil, xarici işlər nazirləri arasında imzalanması bu sənədin sadəcə bir niyyət olduğunu ortaya qoyur. Çünki sənəddə əksini tapan məsələlərin nə qədər reallaşacağı və ya Trampın bu sənədlə bağlı hansı addımları atacağı hələ ki, məlum deyil.

Amma bütün bunlara baxmayaraq belə bir sənədin imzalanması Ermənistan üçün lazım idi. Paşinyan hakimiyyəti bu sazişdən sözsüz ki, daxili auditoriyada Rusiyaya qarşı həmlələri izah etmək üçün istifadə edəcək. Məlumdur ki, Rusiya ilə münasibətlərin pozulması erməni ictimaiyyətində bir qorxu sindromu formalaşdırır. Bu qorxunu aradan qaldırmaq və biz indi daha böyük bir güclə müttəfiqik deyə bilmək üçün müvafiq saziş əlavə imkanlar tanıyacaq. İkinci bir tərəfdən, sözügedən sazişin indi imzalanması perspektivdə Tramp administrasiyası ilə də bu istiqamətdə danışıqların aparılması üçün bir imkan ortaya qoyur".

Yusif Bağırzadə deyib ki, bu sənədin imzalanmasından sonra ABŞ tərəfinin yaxın aylarda Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndəriləcəyini bəyan etməsində isə qeyri-adi bir şey yoxdur:

"ABŞ müxtəlif ölkələrlə, o cümlədən də post sovet ölkələri ilə bu istiqamətdə aktiv əməkdaşlıq edir. ABŞ-ın Azərbaycanla da sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq etdiyi məlumdur. Xəzəryanı ölkələrlə sərhədlərin müasir avadanlıqlarla təmin edilməsi layihələrində Azərbaycanla uzunmüddətli əməkdaşlıq etdiyi faktdır. Ermənistanla isə indiyə qədər bu sahədə əməkdaşlıq olmayıb, çünki Ermənistan Azərbaycandan fərqli olaraq KTMT-nin üzvü və faktiki olaraq Rusiyanın hərbi müttəfiqidir. İndi də gələcək aylarda, yəni Tramp hakimiyyəti dövründə Ermənistan hələ də iki stulda oturmaq siyasətini davam etdirib KTMT-də üzv olaraq qalmaqda davam edəcəksə ABŞ-la Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq necə həyata keçiriləcək bu böyük suallar doğurur".

Politoloq hesab edir ki, istənilən halda ABŞ-la Ermənistan arasında imzalanmış sazişin Azərbaycan üçün böyük ölçüdə elə bir əhəmiyyəti yoxdur:

"Onsuz da Bayden hakimiyyəti müvafiq sənəd olmadan da Ermənistana bütün gücü ilə dəstək verirdi. Amma nəticə dəyişmədi. Biz nə dövlət maraqlarımızdan, nə də yürüdülən siyasətdən geri çəkilmədik.

İndi də ABŞ-Ermənistan strateji tərəfdaşlığı Ağ Evin Ermənistanı sülhə yönəltməsinə imkan verəcəksə nə yaxşı, çünki əks halda Ermənistanın kiminlə nə kimi strateji tərəfdaşlıq qurmasından asılı olmayaraq biz istənilən addıma layiqincə cavab vermək imkanındayıq".

Süleyman
Seçilən
5
50
newscenter.az

10Mənbələr