AZ

Azərbaycanda "Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqləndi

Prezident İlham Əliyev "Rəqəmsal İnkişaf Konsepsiyası”nı təsdiq edib.

Demokrat.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Nazirlər Kabineti, Rəqəmsal İnkişaf Operatorunun funksiyalarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, digər dövlət orqanları (qurumları) tərəfindən dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi üzrə layihələrin (büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına həyata keçirilən layihələr istisna olmaqla) maliyyələşdirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəyi (Maliyyə Nazirliyi ilə razılaşdırmaqla) əsasında təmin edilir.

Nazirlər Kabineti dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi ilə bağlı təkliflərini 9 ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, Konsepsiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə dövlət başçısına məlumat təqdim etməli, dövlət orqanları (qurumları) tərəfindən (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri, eləcə də Müşahidə Şurası Prezident tərəfindən formalaşdırılan dövlət müəssisələri istisna olmaqla) bu Fərmanda nəzərdə tutulmuş illik planın icrasına nəzarəti həyata keçirməli, rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi meyarlarını beş ay müddətində müəyyən edib Prezidentə məlumat verməli, ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi qaydalarını, o cümlədən meyarlarını 5 ay müddətində müəyyən edib dövlət başçısına məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əldə etdiyi rüblük statistik məlumatların, fərdi məlumatların mühafizəsi ilə bağlı tələblər nəzərə alınmaqla, hər rübdən sonrakı ayın 20-nə qədər Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etməli, Prezidentin və Nazirlər Kabinetinin normativ hüquqi aktlarında nəzərdə tutulan hallarda data əsaslı qərarların qəbul edilməsi və süni intellekt həllərinin tətbiqi istiqamətində aidiyyəti dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə tədbirlər görməli, Konsepsiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən rəqəmsallaşdırmanın əlaqələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə rübdə bir dəfə Nazirlər Kabinetinə məlumat təqdim etməlidir.

Seçilən
2
49
demokrat.az

10Mənbələr