İsrail HƏMAS-ı ittiham edir və şərt qoyur
İsrail baş nazirinin ofisi HƏMAS-ı Qəzza zolağında atəşkəs sazişinin bəzi müddəaları ilə razılaşmadığını iddia edərək onu dəyişdirməkdə ittiham edib.
Reyting.az-ın məlumatına görə, İsrail Nazirlər Kabinetinin xəbərdarlığında bildirilir ki, HƏMAS vasitəçilərə bütün müddəaları qəbul etdiyini bildirməyənə qədər hökumət razılaşmanı təsdiqləməyəcək.
Digər tərəfdən, HƏMAS Siyasi Bürosunun üzvü İzzat ər-Rəşaq razılaşmaya sadiq olduqlarını açıqlayıb. Rəşaq HƏMAS-ın sosial media hesabından verdiyi yazılı açıqlamada qeyd edib: “HƏMAS vasitəçilər tərəfindən elan edilmiş atəşkəs razılaşmasına sadiqdir”.
Qeyd edək ki, Qəzzada HƏMAS və İsrail arasında atəşkəs və məhbus mübadiləsi razılaşmasına vasitəçilik edən Qətər tərəflərin atəşkəs və qarşılıqlı məhbus mübadiləsinə yanvarın 19-dan başlayacağını elan edib. Yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp da Ağ evdə tərəflərin razılığa gəldiyini açıqlayıb. Beynəlxalq müşahidəçilər İsrailin Trampın təzyiqi ilə razılığa gəldiyini qeyd edirlər. Amma prezident Bayden də razılaşmada xidməti olduğunu bildirir. Sözügedən razılaşma həm də, ABŞ-nın indiki və gələcək prezidentləri arasında rəqabətə çevrilib.
E. KAMAL