AZ

Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən bir mənbədən satınalma metodu tətbiq edilməkl bir sıra məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatının təşkili keyfiyyətə nəzarət xidmətlərinin göstərilməsi üzrə tenderə yekun vurulub. Qalib “DEPOT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 76.999.093,94 manat məbləğində birbaşa satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların internet portalında 15.01.2025-ci ildə dərc edilib.

Elm və Təhsil Nazirliyinin 77 milyon manata yaxın satınalma müqaviləsi bağladı bu MMC haqqında araşdırma apardıq. İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada 77 milyon manata yaxın dəyəri olan tender udan “DEPOT” MMC barəsində heç bir məlumat əldə edə bilmədik. Maraqlıdır, əgər bu MMC iaşə xidməti göstərirsə ən azından sosial şəbəkələrdə və yaxud rəsmi qurumların məlumatlarında adına rast gəlinər. Ancaq Elm və Təhsil Nazirliyinin 77 milyon manata yaxın satınalma müqaviləsi bağladı bu MMC haqqında bu rəsmi məlumatdan başqa heç bir şey yoxdur.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DEPOT” (VÖEN: 2006570041) Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.02.2021-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə 10 manat MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, SADIQCAN, ev 2A, m. 8, qanuni təmsilçisi kimi isə Hüseynov Elvin Malik oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi kimi Əsgərov Elvin İlşad oğlu olduğu göstərilir.

Göründüyü kimi, Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatının təşkilini heç yerdən tanınmayan bir MMC-yə həvale edib. Nə az, nə də çox, 77 milyon manat civarında da müqavilə bağlayıb. Maraqlıdır ki, MMC-nin oxşar xidmətlərə dair hər hansı bir işi barədə də məlumat yoxdur. Qanunvericiliyin tələbinə uyğun olaraq MMC icra olunmuş və ya icrasının 80%-dən çoxu tamamlanmış oxşar xidmətlər üzrə müqavilə təqdim etməlidir. Bu müqavilə varmı və MMC bi xidməti harada göstərib? Eyni zamanda, MMC-nin satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması ilə bağlı şərtlər toplusunda tələb qoyulmalıdı. Tələbə əsasən təchizatçı satınalma predmeti üzrə müəyyən edilmiş qiymətin 30%-i həcmindən çox olmayaraq maddi vəsaitə çıxışının olması barədə sənəd təqdim etməlidir. Maraqlıdır, cəmi 10 manat nizamnamə kapitalı olan, bu MMC-nin 50 milyon manatdan çox maddi vəsaitə çıxışı varmı? Yoxsa, formal olaraq tərtib edilib.

Burada Elm və Təhsil Nazirliyinin rəsmiləri adından başqa heç nəyi bəlli olmayan bu MMC ilə bağladığ müqavilənin görünməyən tərəfləri də var. Çox güman ki, MMC dövlət büdcəsindən pul aldıqdan sonra digər iaşə xidməti göstərən şirkətlərə subpodrat müqavilə bağlayacaq. Ortada neçə milyonların təhsil müəssisələrində hazır yemək təminatının yaxşılaşdırılması adı altında silinəcəyi bəlli deyil.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrinin hazır yeməklə təminatı üzrə 2024-cü ildə də bir neçə satınalma müqaviləsi bağlayıb. Onlar aşağıdakılardır.

Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2024-cü il ərzində yeməklə təchizatının satın alınması üzrə keçirilən satınalmanın qalibi “TAİS İKF” MMC olub və tərəflər arasında 14.311.289,65 manat məbləğində satınalma müqaviləsi 16.01.2024-cü ildə bağlanılıb.

2024-cü il ərzində Gəncə şəhəri, Bakı şəhərinin Səbail və Nizami rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə keçirilən satınalmanın qalibi “TAİS İKF” MMC olub və tərəflər arasında 12.086.074,29 manat məbləğində satınalma müqaviləsi 09.01.2024-cü ildə bağlanılıb.

2024-cü il ərzində Mingəçevir şəhəri və Yevlax rayonunun ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə keçirilən satınalmanın qalibi “Sabko” MMC olub və tərəflər arasında 5.984.196,12 manat məbləğində satınalma müqaviləsi 09.01.2024-cü ildə bağlanılıb.

2024-cü il ərzində Bərdə, Ağcabədi və Tərtər rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə keçirilən satınalmanın qalibi “Məişət İst” MMC olub və tərəflər arasında 8.268.094,23 manat məbləğində satınalma müqaviləsi 09.01.2024-cü ildə bağlanılıb.

2024-cü il ərzində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Sabunçu, Xətai və Yasamal rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə keçirilən satınalmanın qalibi “EL-OBA” QSC olub və tərəflər arasında 32.872.633,71 manat məbləğində satınalma müqaviləsi 09.01.2024-cü ildə bağlanılıb.

Göründüyü kimi Elm və Təhsil Nazirliyi 2024-cü ilə məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə ümumi olaraq 73 522 286 manat dəyərində müqavilələr bağlayıb. Bu şirkətlərin bəzisi cəmiyyət arasında göstərdiyi iaşə xidməti ilə tanınırlar. Bəs “DEPOT” MMC-ni görəsən Elm və Təhsil Nazirliyinin vəzifəli şəxslərindən başqa tanıyan varmı?

Aktualinfo.org

Seçilən
5
1
hurriyyet.az

2Mənbələr