"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a açıqlamasında Qərbi Azərbaycan mövzusunun hazırda çox aktual və lazımlı olduğunu vurğulayıb. O, qeyd edib ki, bu mövzu həm xalqın istəyi, həm də Qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıdış arzusu baxımından böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin də çıxışlarında dəfələrlə vurğuladığı kimi, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdacağı günü hamı gözləyir.
"Gənclər bu prosesdə böyük rol oynayacaq. Gənclərin həm tarixi həqiqətləri, həm də beynəlxalq hüquqları bilməsi vacibdir. Onlar bu biliklərə əsaslanaraq qayıdış prosesinə dəstək verməlidirlər. Azərbaycanda doğulub, lakin ailələrində Qərbi Azərbaycan torpaqları haqqında məlumat almış gənclərimiz bu məsələyə xüsusi həssaslıqla yanaşır və bu mövzu ilə maraqlanır. Qeyri-hökumət təşkilatlarının da bu məsələdə böyük rol oynayır. Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin öyrədilməsi, təbliğatı və dünya ictimaiyyətinə çatdırılması üçün müxtəlif proqramlar həyata keçirilir. Xüsusilə gənclərin yeni texnologiyalar və dil biliklərindən istifadə edərək bu həqiqətləri daha sürətlə dünyaya çatdırmaları üçün dəstək verilir. Bundan əlavə, təşkilat olaraq gənclərlə müxtəlif tədbirlər keçirilir. Məsələn, İrəvan xanlığının nəsil davamçılarının da iştirak etdiyi görüşlər təşkil olunur. Bu görüşlərdə gənclər tarixi həqiqətlər, İrəvan xanlığının mahalları və orada baş verən deportasiya hadisələri ilə tanış olurlar".
İradə Rizazadə bildirib ki, bu cür tədbirlər vasitəsilə gənclər həm tarixi daha yaxşı öyrənir, həm də bu mövzunun əhəmiyyətini dərk edərək gələcəkdə bu işin fəal iştirakçılarına çevrilirlər.
Pərvanə Fərhadqızı
QHT.az