AZ

"İnsanlığa qarşı törədilən bəşəri cinayət: 20 Yanvarın qanlı gerçəyi" - Deputat

20 Yanvar faciəsi xalqımızın yaddaşına silinməz iz buraxan qanlı bir tarix kimi həkk olundu. Bu hadisə Sovet İttifaqının Azərbaycana qarşı həyata keçirdiyi amansız hərbi təcavüz olmaqla yanaşı, milli azadlıq uğrunda mübarizənin simvoluna çevrildi.

1980-ci illərin sonlarından etibarən xalqın müstəqillik arzusu və milli haqları uğrunda mübarizəsi daha da güclənməyə başladı. Qarabağda erməni separatizminin genişlənməsi və Sovet rəhbərliyinin bu təcavüzə göz yumması insanların narazılığını daha da artırdı. Bakıda və digər bölgələrdə kütləvi etiraz aksiyaları və mitinqlər keçirildi. Sovet hakimiyyəti isə bu xalq hərəkatını dayandırmaq üçün ən sərt və qəddar üsullardan istifadə etdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu ağır texnika və xüsusi təyinatlı qüvvələrlə Bakıya daxil oldu. Şəhər dinc sakinlərin üzərinə hücum edən tankların və güllələrin səsi ilə sarsıldı. Rəsmi məlumatlara əsasən, 147 nəfər şəhid oldu, yüzlərlə insan yaralandı, həmçinin itkin düşənlər və həbs olunanlar oldu. Hücum zamanı hətta yaralılara və tibb işçilərinə qarşı da rəhm edilmədi.

O vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev faciənin ertəsi günü ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu qanlı hadisəni kəskin şəkildə pislədi. Heydər Əliyev Sovet rəhbərliyinin qanunsuz hərbi əməliyyatlarını insanlığa qarşı cinayət adlandıraraq, şəhidlərin xatirəsinə ehtiramını ifadə etdi və bu hadisəyə siyasi qiymət verilməsinin vacibliyini vurğuladı. Bu addım xalqın milli haqlarının müdafiəsi yolunda əhəmiyyətli bir tarixi addım kimi qiymətləndirilir.

20 Yanvar faciəsi yalnız hüzn dolu bir tarix deyil, həm də xalqımızın milli qürur və iftixar mənbəyidir. Çünki, bu hadisə milli azadlıq uğrunda xalqın sarsılmaz birliyini və iradəsini bütün dünyaya nümayiş etdirdi. 1991-ci ildə dövlət müstəqilliyi bərpa edilərkən 20 Yanvar şəhidlərinin qanı ilə yazılmış bu səhifə azadlığımızın mənəvi dayağı oldu.

Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələni yenidən gündəmə gətirmişdir. 5 yanvar 1994-cü il tarixində Ulu Öndər 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzalayarkən bu qanlı hadisələrə hüquqi-siyasi qiymət verilməsi məsələsinin Milli Məclisdə müzakirə olunmasını tövsiyə etmişdir. Həmçinin, 20 Yanvar faciəsinin geniş şəkildə anılması və şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi üçün dövlət səviyyəsində tədbirlərin görülməsi tapşırılmışdır. Bu Fərman 20 Yanvar faciəsinin yalnız bir ağrılı hadisə olaraq deyil, eyni zamanda, müstəqillik və azadlıq mübarizəsinin rəmzi kimi xalqımızın yaddaşında qalmasına şərait yaratmışdır.

Ümummilli Lider 20 Yanvar şəhidləri haqqında belə deyib: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda, onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev tərəfindən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərilir. Bu kateqoriyadan olan şəxslərə verilən təqaüdlərin və sosial müavinətlərin artırılması mütəmadi olaraq həyata keçirilir, onların maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə xüsusi tədbirlər görülür. Bununla yanaşı, dövlət həmin şəxslərin sosial problemlərinin həlli üçün müxtəlif proqramlar həyata keçirir. Mənzil təminatı, təhsil və səhiyyə xidmətlərinə güzəştlər, həmçinin xüsusi sosial layihələr bu qayğının tərkib hissəsidir.

20 Yanvar şəhidləri bütün regionun azadlıq və ədalət uğrunda mübarizəsinin simvoluna çevrildilər. Onların fədakarlığı xalqın və millətin sərhəd tanımayan mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi. Bu faciə Azərbaycan xalqının öz azadlıq, müstəqillik və suverenlik arzularını gerçəkləşdirmək üçün qarşısına çıxan bütün maneələrə baxmayaraq, heç vaxt geri çəkilməyəcəyini göstərdi. 20 Yanvar hadisəsi milli azadlıq mübarizəsinin həlledici anlarından biri olaraq, müstəqilliyin qazanılması yolunda mühüm bir başlanğıc oldu.

Hər il faciənin ildönümü münasibətilə ölkəmizin bütün bölgələrində anım tədbirləri keçirilir, şəhidlərə ehtiram göstərilir. Şəhidlər Xiyabanı xalqın və dövlətin bu qəhrəmanlara olan hörmətinin ən bariz nümunəsidir. 20 Yanvar hadisələri bizə azadlığın necə böyük qurbanlar bahasına əldə edildiyini xatırladır. Şəhidlərin ruhu qarşısında baş əyərək, onların bizə əmanət etdiyi müstəqilliyi qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin ümdə vəzifəsidir.

Milli Məclisin deputatı Asif Əsgərov

 

Seçilən
2
50
unikal.az

10Mənbələr