AZ

Rəqəmsal İnkişaf Konsepsiyası Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirəcək

Prezident İlham Əliyevin 2025-ci il 16 yanvar tarixli Fərmanı ilə ölkəmizin rəqəmsal inkişafının yeni mərhələsini müəyyənləşdirən mühüm sənəd – “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq edilib.

Milli Məclisin deputatı Tahir Mirkişili Modern.az-a açıqlamasında “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın ölkəmizin gələcək rəqəmsal inkişafını yönləndirən əsas sənəd olduğunu və bu konsepsiyanın iqtisadiyyatın, sosial sahələrin və dövlət xidmətlərinin daha da modernləşdirilməsində mühüm rol oynayacağını bildirib.

“Bu strateji sənəd ölkənin rəqəmsal transformasiyasının əsas istiqamətlərini və hədəflərini müəyyən edir. Konsepsiyanın əsas məqsədi rəqəmsal texnologiyaların tətbiqi ilə dövlət idarəetməsinin təkmilləşdirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və vətəndaşların həyat keyfiyyətinin artırılmasıdır. Bu məqsədlərə çatmaq üçün ‘rəqəmsal hökumət’, ‘rəqəmsal iqtisadiyyat’ və ‘rəqəmsal cəmiyyət’ prinsipləri əsas götürülüb,” – deyə Tahir Mirkişili vurğulayıb.

Deputat Konsepsiyada diqqət çəkən əsas yeniliklərə toxunaraq bildirib:

“Rəqəmsal İnkişaf Operatorunun müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu qurum ölkə səviyyəsində rəqəmsal inkişaf layihələrinin koordinasiyası, strateji planlaşdırma və innovativ həllərin tətbiqi kimi mühüm vəzifələri həyata keçirəcək. ‘Hökumət buludu’nun genişləndirilməsi, 5G şəbəkələrinin qurulması, peyk internet xidmətlərinin inkişafı və yeni Milli Data Mərkəzlərinin yaradılması ölkəmizin rəqəmsal gələcəyini formalaşdırmaq üçün vacib addımlardır. Konsepsiya çərçivəsində dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması hədəflənir. “Bir pəncərə” prinsipi əsasında vətəndaşlara təqdim olunan rəqəmsal dövlət xidmətlərinin əhatə dairəsi genişləndiriləcək, vətəndaşlardan tələb olunan sənədlərin sayı azaldılacaq. Bu isə vətəndaşlarımız üçün daha rahat və sürətli xidmət əldə etmək deməkdir.”

Millət vəkili rəqəmsal savadlılığın artırılması və kadr hazırlığı məsələsinə də toxunub:

“İKT üzrə mütəxəssislərin hazırlanması, tədris proqramlarının müasirləşdirilməsi və bu sahədə çalışan kadrların əmək haqqı səviyyəsinin artırılması Konsepsiyanın əsas prioritetlərindən biridir. Təhsil sahəsində ediləcək dəyişikliklər rəqəmsal transformasiyanın dayanıqlı olmasını təmin edəcək. “Azərbaycan Respublikasının Rəqəmsal Məcəlləsi” və “Azərbaycanda məlumatların idarə edilməsi Strategiyası” kimi mühüm sənədlərin hazırlanması nəzərdə tutulur. Bu, rəqəmsal inkişaf sahəsində qanunvericilik bazasının müasir tələblərə uyğunlaşdırılmasına xidmət edəcək.”

Deputat Konsepsiyanın reallaşdırılmasının mühüm nəticələr verəcəyini vurğulayıb:

“Dövlət orqanlarında daxili idarəetmə prosesləri təkmilləşəcək, dövlət xidmətləri rəqəmsal platformaya transformasiya ediləcək və ölkənin rəqabət qabiliyyəti artacaq. Milli kibertəhlükəsizlik strategiyası çərçivəsində dövlətin, biznesin və fərdi məlumatların qorunması üçün qabaqlayıcı tədbirlər görüləcək, dövlət informasiya sistemləri müasir təhlükəsizlik standartlarına uyğun şəkildə inkişaf etdiriləcək. Bu, Azərbaycanın rəqəmsal inkişaf sahəsində regional liderə çevrilməsi istiqamətində mühüm addım olacaq.”

Seçilən
4
modern.az

1Mənbələr