AZ

® “Ziraat Bank Azərbaycan” 10 illiyi münasibətilə 10-cu filialını açıb

“Ziraat Bank Azərbaycan” 10 illiyi münasibətilə Naxçıvan şəhərində yeni - 10-cu filialını müştərilərin istifadəsinə təqdim edib. Filial açılışından öncə Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya və Bank rəhbərliyi Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək, onu dərin ehtiramla yad ediblər. Heydər Əliyev adına olan muzeyi ziyarət edən Bank nümayəndələri T.C. “Ziraat Bankası”nın Naxçıvan şəhərində nümayəndəliyin açılışı ilə bağlı 33 il öncə Ulu Öndər Heydər Əliyev tərəfindən yazılan təbrik mətni ilə tanış olublar.

Filialın təntənəli açılışında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Türkiyənin Naxçıvan Muxtar Respublikasında Baş konsulu Asip Kaya, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini - nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov, Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini Elvin Əlimərdanov, Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini - nazir vəzifəsini müvəqqəti icra edən Xəyalə Dadaşova, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Vüsal Novruzov, Azərbaycan Respublikası Naxçıvan İpoteka Fondunun İdarə Heyətinin sədri Yalçın Vəliyev, digər rəsmilər, dövlət xadimləri və sahibkarlar “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinin sədri Dr. Selçuk Demir ilə birlikdə rəmzi qırmızı lenti kəsərək, bankın Naxçıvan filialını müştərilərin istifadəsinə təqdim ediblər.

Baş konsul açılış tədbirində çıxış edərək “Ziraat Bank Azərbaycan”ın Naxçıvan Muxtar Respublikasında filial açmasının Türkiyə-Azərbaycan iqtisadi-ticari münasibətlərinin inkişafına müsbət töhfə verəcəyini vurğulayıb.

Bankın sədri Dr. Selçuk Demir Naxçıvan filialının açılışında iştirak edən qonaqlara öz təşəkkürünü bildirib.

Filialın açılışında iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli adından hər kəsi salamlayaraq, “Ziraat Bank Azərbaycan”ın əsas səhmdarı olan T.C. “Ziraat Bankası”nın Türkiyənin ən önəmli banklarından biri olduğunu qeyd edib, Naxçıvanda bu filialın uğur qazanacağına inandığını vurğulayıb.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Abbas İsmayılov öz çıxışında “Ziraat Bank Azərbaycan”ın Naxçıvanda filial açmasının bank sektorunda rəqabətliliyin artmasına və inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində mediaya müsahibə verən “Ziraat Bank Azərbaycan”ın sədri Dr. Selçuk Demir dünyanın 19 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan “Ziraat Bank Azərbaycan”ın Naxçıvan Muxtar Respublikasında filial açması istiqamətində xarici ticarət əməliyyatlarında sahibkarlara dəstək olmaqla yanaşı, real sektorun inkişafında böyük rol oynayacağına inamını ifadə edib.

Filialın önündə rəmzi qırmızı lenti kəsən rəsmilər, Naxçıvan filialını müştərilərin istifadəsinə təqdim ediblər.

Filial açılışından sonra “Ziraat Bank Azərbaycan” və Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinin üzvü və satış qrupunun koordinatoru Ömer Yılmaz və Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Vüsal Novruzov imzalayıblar. Müqaviləyə əsasən, “Ziraat Bank Azərbaycan” Naxçıvan Muxtar Respublikasında Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri ilə sahibkarlara maliyyələşdirmə imkanları yaradılmasına dəstək olacaq.

Qeyd edək ki, “Ziraat Bank Azərbaycan”ın Naxçıvan filialı Atatürk küç. ev 9 ünvanında yerləşir və həftəiçi 9:00- 17:00 saat aralığında müştərilərinə xidmət göstərir.

"Ziraat Bank Azərbaycan" ASC 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"nun üzvüdür. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 10 filialı, eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.

Bankın məhsulları və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Seçilən
2
6
azertag.az

7Mənbələr