AZ

Rati Ardazişvili: “Gəncədə ilk gündən qonaqpərvərlik gördüm”

“Kəpəz”in yeni transferi, Gürcüstandan olan mərkəz yarımmüdafiəçisi Rati Ardazişvili Gəncə klubuna keçidini dəyərləndirib.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Gəncəyə gəldiyim ilk gündən qonaqpərvərliklə qarşılandım. Bu, məni sevindirdi. Doğru yerə gəldiyimi hiss etdim”.

Gəncə klubunun yeni transferi Nizami yurdunda onu hər şeyin qane etdiyini bildirib: “Mənə göstərilən münasibətlə yanaşı, şəraitdən də razı olduğumu deyə bilərəm. Klubun müasir bazası, məşq meydançaları var. Yeni stadion tikilir, işləri yaxınlıqdan görə bilirik. Üzərimə düşən bəslənən etimadı doğrultmaqdır. Burada oynamaq mənim üçün rahatdır. Klubuma inandığım üçün Gəncəyə gəldim”.

Gürcüstanlı futbolçu komandanın vəziyyəti ilə bağlı danışarkən qış fasiləsindən sonra durumun dəyişəcəyinə inandığını söyləyib:

“Heyətimiz üzərinə düşəni edə biləcək gücdədir. Qısa vaxtda burada olmağıma baxmayaraq, ab-havadan deyə bilərəm ki, komandamız elitada qalmağa fokuslanıb. Biz bir komandayıq, ailəyik, hər şeyi birlikdə etməliyik. Birgə vəziyyəti dəyişə biləcəyik. “Kəpəz”in böyük azarkeş qüvvəsi var. Sosial şəbəkələrdə yazırlar, dəstək olurlar. Onlar üçün meydanda ən yaxşısını etməyə çalışacağıq”.

Xatırladaq ki, Rati Ardazişvili yanvarın 10-da “Kəpəz”lə “6 ay + 1 il” müddətinə müqavilə imzalayıb. O, Azərbaycan klubuna Gürcüstanın “Samtrediya” komandasından gəlib. Yarımmüdafiəçi 2024-cü ilin iyul ayından formasını geyindiyi bu klubun heyətində 18 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Gürcüstanın aşağı yaş qrupları üzrə yığma komandalarının, o cümlədən U-21 millisinin şərəfini qorumuş futbolçu bir neçə ölkədə legioner həyatı yaşayıb. O, Ukraynada (“Rux”), Qazaxıstanda (“Kaspi”, “Jetısu”) və Latviyada (“Liepaya”) oynayıb.

Rati Ardazişvili ölkəsində “Lokomotive”, “Telavi”, “Çixura” kimi klubların da formasını geyinib.

Seçilən
0
2
arena.az

10Mənbələr