AZ

Dövlətçilik tariximizdə suverenlik anlayışı- hüquqi və praktik tərəflər...

Image

Ölkəmizin ərazi bütövlüyünün bərpası tariximizdə mühüm hadisədir və bu hadisə dövlətimizin, dövlətçiliyimizin əzminin, gücünün göstəricisidir. Məlum olduğu kimi, 2025-ci ildə Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30, Vətən müharibəsində qələbənin 5 illiyidir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik ili" elan olunub. 

Bu qərarın  dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı danılmazdır. Bildiyimiz kimi, suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilibdir. Şanlı Zəfər əldə etməyimiz nəticəsində  Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. Bəli, indi üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır. 

Şəhidlərin qanı, qazilərimizin canı hesabında nail olduğumuz bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Bu sərvətin adı suverenlikdir. 

"Dövlətçilik tariximizdə suverenlik anlayışının çox dərin mənası var" 

Dövlətçilik tariximizdə süverenlik anlayışının hüquqi və praktik tərəflərindən, tarixi əhəmiyyətindən danışan tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu çox aktual mövzudur. "Özü də ki, 2025-ci il Prezidentin sərəncamı ilə "Suverenlik ili" elan olunub. Dövlətçilik tariximizdə suverenlik anlayışının çox dərin mənası var. Suverenlik bizim ən zəngin sərvətimizdir ki, ona nail olmaq üçün böyük qurbanlar vermişik. 

Məlum olduğu kimi, bu il həm də 1995-ci ildə qəbul olunan yeni Konstitusiyamızın 30 illiyidir. Eyni zamanda torpaqlarımızın ərazi bütövlüyünün bərpasının 5 ili tamam olur. Fikrimcə, bu məsələlər il boyu geniş təbliğ edilməli, bu, 2025-ci ildə hər birimizin əsas mövzusu olmalıdır. Nəyə görə? Azərbaycanın dövlət müstəqilliyini 1991-ci ildə qazanmasına baxmayaraq, 1995-ci ilə qədər 1978-ci ildə qəbul olunmuş Sovet  Konstitusiyası fəaliyyətdə olub. 1991-ci ilin 18 oktyabrında “Dövlət Müstəqilliyi haqqında”  Konstitusiya Aktı qəbul edildi və o akt müəyyən mənada Konstitusiyanı əvəz edirdi.   Lakin bilirsiz ki, Konstitusiya referendumla qəbul edildiyinə görə yeni Konstitusiyanın qəbul edilməsinə ehtiyac vardı”.

M. Zülfüqarlı qeyd edir ki, biz dövlət suverenliyimizə qovuşmaq üçün çox böyük və zəngin yol keçmişik, işğalla, soyqırımla, çeşidli problemlərlə üzləşmişik, amma nəticədə qalib gəlmişik. 

"Suverenlik bizim dövlətçilik tariximizdə çox əhəmiyyətli bir məsələ olduğu üçün onun mərhələ-mərhələ izahına ehtiyac var. Azərbaycan dövlət müstəqilliyini ilk dəfə 1918-ci ilin 28 mayında əldə edib. Azərbaycan Xalq Cumhuriyyəti yaranıb, 23 aydan sonra XI rus ordusu tərəfindən işğal olunub. Növbəti proses 1988-ci ilin fevral ayında başlayıb, bu milli azadlıq hərəkatı idi. Bu proses də milli azadlıq hərəkatının yüksəlişi ilə başlayıb. 18 oktyabr 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Yəni Azərbaycan xalqı heç zaman işğalla barışmayıb, həmişə öz müstəqilliyi uğrunda mübarizə aparıb, şəhidlər verib, onların qanları bahasına müstəqilliyini bərpa edib. Məhəmməd Əmin Rəsulzadə də 1952-ci ildə "Amerikanın səsi" radiosu ilə müraciətində deyirdi ki, Azərbaycanın istiqlal günəşi yenidən doğacaq, buna heç kəsin şübhəsi olmasın. Doğrudan da bu uzaqgörənliklə deyilmiş fikir özünü 18 oktyabr 1991-ci il Azərbaycan dövlət müstəqilliyinin Konstitusiya aktı ilə göstərdi.

Amma buna qədər baş verən proseslərə toxunmaq istəyirəm. 1988-ci ilə qədər proses hələ başlamamışdan əvvəl milli azadlıq hərəkatı, demokratiyanın inkişafı və sair kimi məsələlər əsasən 1985-ci ilin martında M.Qorbaçovun SSRİ-nin baş katibi seçilməsi və həmin ilin aprel plenumunda "yeni konsepsiyanın" irəli sürülməsi ilə başladı. Yəni bu "yenidənqurma", aşkarlıq, demokratiya konsepsiyası idi. Sovet dövləti repressiyalar, insan haqqlarının pozulması, qan üzərində qurulduğuna görə, elə bir rejimə demokratiyanın verilməsi onun daxildən dağılmasına gətirib çıxardı".

M.Zülfüqarlı qeyd etdi ki, nəticədə digər keçmiş ittifaq respublikaları kimi Azərbaycan da dövlət müstəqilliyi əldə etdi. Dövlət müstəqilliyinin bərpasının çox ağır dövrə təsadüf etdiyini deyən M. Zülfüqarlı bildirdi ki, bu dövr torpaqlarımız Ermənistanın təcavüzünə məruz qaldı. 

Ermənilərə havadarlıq edən onları silahlarla, texnika və canlı döyüş qüvvəsi ilə təmin edən dövlətlərin, güclərin köməyi ilə bu ölkə torpaqlarımızın işğal edib 30 ilə yaxın onu işğal altında saxladı. Azərbaycan xalqının işğal faktı ilə barışmadığını deyən M.Zülfüqarlı qeyd etdi ki, 27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi prosesi baş verdi, müharibə və 23 saatlıq antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad olundu və dövlətimizin ərazi bütövlüyü, öz torpaqları uğrunda suverenliyi tam bərqərar oldu.

"Suverenlik və dövlətçilik müstəqil dövlətlərin mövcudluğunu və tərəqqisini təmin edən mühüm prinsiplərdir" 

AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri dosent Elnur Mustafayevin fikrincə isə 

“Konstitusiya və Suverenlik İli” dünya azərbaycanlılarının daha sıx birləşməsinə şərait yaradacaq. O, vurğulayıb ki, 

Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin dəqiqləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. "Bu qərarı hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün böyük fürsət və imkanlar kimi də dəyərləndirmək mümkündür. Başqa sözlə desək, Sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edir".

E.Mustafayev bildirib ki, suverenlik və dövlətçilik müstəqil dövlətlərin mövcudluğunu və tərəqqisini təmin edən mühüm prinsiplərdir. "Bu iki əhəmiyyətli amil təkcə dövlətin hüquqi-iqtisadi və siyasi-ideoloji əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir. Azərbaycan Respublikasında suverenlik və dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi müasir dövlət quruculuğu və xalqın sosial-iqtisadi rifahı üçün geniş imkanlar yaradır. Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə hesablanmış strateji mahiyyətini müəyyən etmək üçün yeni vəzifə və öhdəlikləri tələb kimi qarşıya qoyur.

Düz 30 il əvvəl, yəni 1995-ci il noyabr ayının 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə müstəqil Azərbaycan Respublikasının Ana Yasası olan Konstitusiyamız hazırlanaraq ümumxalq səsverməsi referendum yolu ilə qəbul edildi. Həmin günü ölkədə ilk Konstitusiyamızın qəbul olunduğu gün kimi qeyd edirik. Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması barədə danışarkən, heç bir mübaliğəyə yol vermədən, qeyd etmək olar ki, bu, müstəqil dövlətçiliyimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin əsəridir. 1995-ci il iyunun 5-də Heydər Əliyevin Sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından başlayaraq, 12 noyabr referendumunadək Ümummilli Lider Azərbaycanın Əsas Qanununun hazırlanmasına, onun bütün prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən rəhbərlik edib. Heydər Əliyev bu sənədin təkcə dövrün tarixi və siyasi reallıqlarının deyil, bütövlükdə, xalqın milli-mənəvi dəyərlərinin süzgəcindən keçərək qəbul olunmasına çalışırdı və buna da nail oldu”, - deyə o əlavə edib.

Alim qeyd edib ki, Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifə və tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirdi. Lokal səviyyədə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu hadisəni Azərbaycanın dövlət suverenliyinin formalaşdırılmasında mühüm bir mərhələ hesab etmək olar. Müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərə məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, müdrik siyasəti və şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına əldə olunan bu böyük Zəfər xalqımızın milli sərvətidir.

“Bu gün Azərbaycan Respublikasında həyata keçirilən hüquqi islahatlar ictimai proseslərin və münasibətlərin normal tənzimlənməsi faktı ilə uzlaşır və onu zəruri edir. Bu istiqamətdə yürüdülən siyasət Heydər Əliyev ənənələrinin layiqli davamçısı olan dövlət başçısı İlham Əliyev tərəfindən xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir. Tam əminliklə qeyd etmək mümkündür ki, 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik tariximizin yeni baxış bucağından öyrənilməsinə, cəmiyyət və müxtəlif ictimai təsisatlar arasında milli dövlətçilik şüurunun daha da möhkəmlənməsinə, dünya azərbaycanlılarının bir hədəf və amal ətrafında daha sıx birləşməsinə şərait yaradacaq. Bu tarixi qərar Azərbaycan xalqının birliyinin, həmrəyliyinin və gücünün nümayişi və ifadəsidir”, - deyə alim mətbuata bildirib. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Seçilən
8
27
baki-xeber.com

10Mənbələr