“Azərişıq” ASC ilə əməkdaşlıq çərçivəsində Azərbaycana səfər edən Çinin “Dongfang Electronics Corporation” şirkətinin rəhbər heyəti 16-17 yanvar tarixlərində Füzuli, Hadrut və Şuşada görülən yenidənqurma, bərpa işləri ilə tanış olmaq üçün Qarabağa səfər ediblər.
Publika.az xəbər verir ki, korporasiyanın Baş Direktor müavini Şitan Cao, Mərkəzi Asiya filialının direktoru Vei Liu, Baş menecerin məsləhətçisi Dmitri Jarovski və digər rəsmi şəxslərdən ibarət 9 nəfərlik heyət səfərin ilk günündə Füzuli Rəqəmsal İdarəetmə Mərkəzi və Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə gediblər.
“Azərişıq” əməkdaşları qonaqları mərkəzlərlə tanış edib, tətbiq olunan innovativ yeniliklər, SCADA sistemi və yarımstansiyanın iş prinsipləri barədə məlumat veriblər. Yanvarın 17-də qonaqlar Şuşa şəhərinə səfər edərək Şuşa Elektrik Şəbəkə Rəqəmsal İdarəetmə Mərkəzində olublar.
“Dongfang Electronics Corporation”-nın baş direktor müavini Şitan Cao Azərbaycan dövləti tərəfindən Qarabağda qısa zaman ərzində həm elektrik təsərrüfatı, həm də infrastrukturun yüksək səviyyədə qurulduğunu bildirib. O qeyd edib ki, “Azərişıq” ASC-nin Qarabağda inşa etdiyi güc mərkəzləri ən müasir standartlara cavab verir. Mərkəzlər innovativ yeniliklər, elektrik təsərrüfatında yüksək texnokogiyalarla təchiz edilib və beynəlxalq standartlara tam cavab verir. Şitan Cao Qarabağda ümumi görülən yenidənqurma işlərini Azərbaycanın və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uğuru kimi qiymətləndirib.
Daha sonra “Donfang Electronics Corporation” şirkətinin rəhbər heyəti üçün Şuşa şəhərində ekskursiya xarakterli gəzinti təşkil edilib. Qonaqlar Vaqif məqbərəsi və Şuşa qalasında olublar. Tarixi abidələr haqqında nümayəndə heyətinə geniş məlumat verilib.