AZ

AQTA: Bitkiçilik məhsullarının sertifikatlaşması daha da asanlaşdı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) elektron sisteminin (AQTİS) “E-Fito” (ePhyto) platformasına inteqrasiyası işləri yekunlaşıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bununla da innovativ həllərin tətbiqi ilə Agentlik tərəfindən fitosanitar sertifikatların elektron verilməsi imkanları daha da genişlənib.

“E-Fito” - elektron fitosanitar sertifikat mübadiləsidir. Bu innovativ həll Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası (IPPC) tərəfindən hazırlanmış elektron platformadır. Həmin sistem fitosanitar sertifikatların ölkələr arasında təhlükəsiz və effektiv şəkildə mübadiləsini təmin edir. Sertifikatlar idxalçı ölkənin fitosanitar tələblərinə cavab verdiyini təsdiqləyərək, ticarət edilən bitkilərin, bitkiçilik məhsullarının və digər tənzimlənən yüklərin zərərvericilər və xəstəliklərdən azad olduğunu göstərir.

Hazırda dünyada 110-dan artıq ölkə bu sistemə qoşulub. Ölkəmizə bitkiçilik məhsulları ixrac edən bir çox ölkələr həmin sistemə qoşulublar.

Onun tətbiqi bir sıra üstünlüklər yaradır.

* Effektivlik: Gecikmələri azaldır və sənədlərin fiziki təsdiq olunma ehtiyacını aradan qaldırır.

* Təhlükəsizlik: Sertifikatların etibarlılığını təmin edir və saxtakarlıq riskini minimuma endirir.

* Şəffaflıq: Maraqlı tərəflər üçün real vaxtda yeniliklər və izləmə imkanı yaradır.

* Ekoloji təsir: Kağız istifadəsini və əlaqəli emissiyaları azaldır.

Yeni sistem inkişaf etməkdə olan ölkələrin beynəlxalq ticarətdə səmərəli iştirakına imkan yaradır, çünki elektron sistem böyük infrastruktur sərmayəsi tələb etmir.

Qeyd edək ki, “E-Fito” platformasından istifadə etmək, ixrac və idxal proseslərinin səmərəliliyini, şəffaflığını və təhlükəsizliyini artıracaq, eyni zamanda beynəlxalq standartlara uyğunluğu təmin edəcəkdir.

Seçilən
0
7
yeniazerbaycan.com

8Mənbələr