AZ

Araik Harutyunyan və digərlərinin məhkəməsi başlayıb

Yanvarın 17-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə Araik Harutyunyan və digərlərinin açıq məhkəmə prosesi başlayıb.

AzPost xəbər verir ki, bu proses, ilk növbədə, Ermənistanın işğalçı, təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və digər qanunsuz əməllərinin məhkəmə yolu təsbit olunmasına xidmət edəcək.

Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin edilib.

Əvvəlcə tərcüməçilər elan olunub, onlara qanunvericiliyin tələbləri, o cümlədən hüquq və vəzifələri izah edilməklə, təqsirləndirilən şəxslərin tərcüməçilərə, habelə proses iştirakçılarının məhkəmə tərkibinə, bir-birinə etirazlarının olub-olmaması dəqiqləşdirilib.

Sonra iş üzrə təqsirləndirilən şəxslərin müdafiəçiləri elan olunub. Məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı, Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.

Bildirilib ki, cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var. Hakim qeyd edib ki, təqsirləndirilən şəxslərin hüquq və vəzifələri onlara erməni dilində izah olunub. Bununla yanaşı, məhkəmə iclası zamanı da onların hüquq və vəzifələri bir daha izah edilib. Sonra məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra Araik Harutyunyan məhkəməyə müraciət edərək çıxış etmək istədiyini deyib

Araik Harutyunyan bəyanatla çıxış edərək bildirib ki, 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı onun bəyanatı olub və buna görə təəssüflənir: “Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm” – deyə Araik Harutyunyan bildirib.

Daha sonda məhkəmə prosesi yanvarın 21-dək təxirə salınıb.

Qeyd edək ki, zərərçəkmiş şəxslərin, onların nümayəndələrinin və hüquqi varislərinin iştirak etdikləri məhkəmə iclas zalında 350-dən çox şəxs olub.

Daha sonra Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın da məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin yeni inzibati binasında eyni hakimlərdən ibarət tərkibdə açıq keçirilən ilkin iclasda Ruben Vardanyanın anket məlumatları dəqiqləşdirilib.

Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və rus dilinə tərcüməçi ilə təmin olunub.

Məhkəməyə sədrlik edən hakim Zeynal Ağayev Ruben Vardanyana qanunvericiliyin tələblərini, o cümlədən təqsirləndirilən şəxs kimi hüquq və vəzifələrini, habelə etiraz hüququnu izah etdikdən sonra Vardanyandan vəsatətinin olub-olmamasını soruşub.

R.Vardanyan və müqavilə əsasında hüquqi yardım göstərən müdafiəçisi iki vəsatət verib

Onlardan biri R.Vardanyan barəsində cinayət işinin Azərbaycan xalqına qarşı ağır cinayətlərin törədilməsində ittiham olunan erməniəsilli 15 şəxsin barəsində işə birləşdirilərək bir icraatda baxılması, digər vəsatət isə cinayət işinin materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxtın verilməsi barədə olub.

Dövlət ittihamını müdafiə edən prokuror cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə vəsatətə etirazını bildirərək məhkəmədən təmin olunmamasını, cinayət işi ilə tanış olmaq üçün əlavə vaxt verilməsinə dair vəsatətin isə təmin olunmasını məhkəmədən xahiş edib.

Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinə əsasən, məhkəmə icraatı zamanı cinayət işlərinin eyni icraatda birləşdirilməsi nəzərdə tutulmadığından məhkəmə tərəfindən bu vəsatət təmin olunmayıb.

İbtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib.

Həmçinin ittiham tərəfi iş materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxt verilməsinə etiraz etməyib.

Məhkəmənin hazırlıq iclası yanvarın 27-də davam edəcək.

Seçilən
1
1
azpost.info

10Mənbələr