"Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfərinin bir çox səbəbi var".
Bu sözləri Türkiyənin Kütahya Dumlupınar Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr kafedrasının müdiri, professor Hüsamettin İnanç "Cebheinfo.az"-a açıqlamasında deyib.
O, bu səbəblərdən danışıb:
"İlk növbədə, Hakan Fidanın səfəri zamanı Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsi barədə müzakirələr aparacağını düşünürəm. Həmçinin, Cənubi Qafqazın təhlükəsizliyi və Yaxın Şərqdə davam edən proseslər də masada olacaq.
Bundan başqa, Zəngəzur dəhlizi və logistika baxımından Türk dünyası ilə birləşmə məsələsinin də gündəmdə olacağını deyə bilərəm. Eyni zamanda, İran məsələsi də müzakirə predmeti ola bilər. Nəzərə almaq lazımdır ki, İran həm Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır, həm də PKK-ya dəstək verir.
Ona görə də indiki vaxtda bu Azərbaycan və Türkiyənin qəzəbinə səbəb olur. Dolayısı ilə səfər zamanı İranla münasibətlər məsələsi barədə də danışıqların aparılması gözlənilir. Çünki İran hazırda Azərbaycan və Türkiyənin təhlükəsizliyini təhdid edir".
Onun sözlərinə görə, səfər zamanı Suriya məsələsi də müzakirə olunacaq:
"Düşünürəm ki, Hakan Fidanın görüşləri zamanı Suriyanın gələcəyi mövzusu da müzakirə olunacaq. Nəzərə almaq lazımdır ki, Suriyada Bəşər Əsədin devrilməsi prosesinin arxasındakı əsas strateji gücün Türkiyə olduğu ortaya çıxdı.
İndiki vəziyyətdə isə Suriyanın yenidən inşası və suveren bir dövlətin qurulması vacibdir. Suriya Azərbaycanın dövlət quruculuğu təcrübəsindən yararlana bilər".
Professor vurğulayıb ki, Şuşa Bəyannaməsi ilə əsl müttəfiqə çevrilmiş Azərbaycan və Türkiyənin işbirliyi böyük əhəmiyyət daşıyır:
"Ona görə də Bakı ilə Ankaranın addımları çox önəmlidir. Hesab edirəm ki, görüşlər zamanı İsrail barədə də danışıqlar aparılacaq.
Belə ki, İsrail ilə HƏMAS arasında atəşkəs elan olunsa da, vəziyyət gərgindi. Üstəlik, Türkiyənin geostrateji cəhətdən güclənməsi, xüsusən müdafiə sənayesini inkişaf etdirməsi, Yaxın Şərq və Qafqazda ölkəmizin regional gücdən, qlobal gücə çevrildiyini göstərir.
Bu isə İsraili narahat edir. Son günlərdə İsrail mediasında Türkiyəyə qarşı geniş şəkildə kampaniya aparılır. Hətta İsrail Türkiyəyə qarşı sanksiyaların tətbiq olunmasını gündəmə gətirə bilər.
Rəsmi Ankara bu məsələlərdə İsraillə yaxşı münasibətləri olan Azərbaycandan dəstək istəyir. Fikrimcə, Azərbaycanın İsraillə danışıqlar aparması və bu barədə Türkiyəyə dəstəyi həlledici təsirə malik olacaq".
Hüsamettin İnanç onu da əlavə edib ki, Türkiyə-Rusiya münasibətlərinin də yenidən inkişaf etməsi üçün Azərbaycana ehtiyac var:
"Çünki Rusiyanın Suriyadan çəkilməsi Ankara ilə Moskva arasındakı münasibətlərə təsir etdi. Ruslar yaşadıqları uğursuzluqların səbəbi kimi Türkiyəni göstərməyə çalışırlar. Qardaş Azərbaycanın bu məsələdə də bizə dəstəyi vacibdir.
Ümumiyyətlə, Azərbaycanı Türkiyədən, Türkiyəni Azərbaycandan ayrı düşünmək qeyri-mümkündür. Cənubi Qafqazda sülhün və sabitliyin memarı da məhz bu iki qardaş ölkə olacaq".