AZ

Xalqın xidmətçisi olan vali

Rəcəb Yazıcıoğlu 1948-ci ildə Trabzonda müfti ailəsində anadan olub. Ankara Universitetinin hüquq fakültəsini bitirəndən sonra dövlət işində çalışıb. 1968-ci ildə Aydın vilayətində qubernator müavini, 1971-1984-cü illərdə Rizə, Osmaniyə, Ağrı, Çanaqqala, Hatay, Çorum, Düzcə vilayətlərinin müxtəlif bölgələrində qubernator işləyib.

1984-cü ildə baş nazir Turqut Özal tərəfindən Tokat valisi təyin olunub. Cəmi 36 yaşı olan Rəcəb Yazıcıoğlu ən gənc vali kimi Türkiyə tarixinə düşüb. 1989-1991-ci illərdə Aydın, 1991-1999-cu illərdə Ərzincan valisi işləyib.

Çalışdığı vilayətlərdə tətbiq etdiyi idarəçilik metodu digər valilərdən tam fərqlənirdi. Kabinetdə oturmağı sevmirdi, daim vilayəti gəzirdi, həm də mühafizəsiz. Kabinetinin qapısına isə “döymədən girin” yazılmış kağız vurdurmuşdu. Gələnlər əvvəlcə elə bilirdilər ki, qapı yenicə rəngləndiyindən belə yazılıb. Halbuki valinin demək istədiyi “xalq öz qulluqçusunun xidməti otağının qapısında gözləməməlidir, içəriyə icazə ilə girməməlidir” idi.

Onun idarəçilik metodları hazırda Türkiyə universitetlərində tədris olunur. Aydın valisi təyin olunandan az sonra Nazilli şəhər xəstəxanasından şikayətlər alan Yazıcıoğlu kasıb vətəndaş qiyafətində oraya gedir. Yeni valini tanımayan baş həkimin kobudluğu ilə üzləşən, şikayətlərin haqlı olduğunu görən vali ikinci dəfə rəsmi formada qayıdır və baş həkimə qovulduğunu elan edir.

Tabeliyində olan işçilərə qarşı çox tələbkar olduğundan ona həm də IV Murad deyirdilər.

Ərzincanda raftinq, planerizm və başqa ekstirm idman növlərinin təşəkkülünə böyük töhfə verir.

Fərat çayı üzərində Keban su bəndinin tikilməsi səbəbindən 1970-cü ildən vilayətin 20-dən çox kəndinin vilayətin digər ərazisi ilə sabit əlaqəsi kəsilmişdi. Gediş-gəliş yalnız bir neçə dəfə PKK terrorçularının yandırdıqları kiçik bərə ilə mümkün idi. Bərə terror təhlükəsi səbəbindən gecələr işləmirdi. Sonuncu bərəyə gecikənlər səhərə qədər gözləməli olurdular. Xəstəlik, doğum hallarında vəziyyət çıxılmaz olurdu. Əhali ilə görüşən bütün məmurlar tezliklə körpü inşa ediləcəyini deyir, amma vədlərini yerinə yetirmirdilər.

1993-cü ilin iyulunda terrorçuları anklavda qalan kəndlərdən birinə, Başbağlara hücum edərək 33 mülki şəxsi öldürdülər. Körpü olmaması səbəbindən insanlara yardım göstərilmədi.

Məhz Rəcəb Yazıcıoğlunun israrı, fəaliyyəti nəticəsində çay üzərində Başpinar körpüsü inşa olundu və 1997-ci il sentyabrın 13-də istifadəyə verildi.

1999-cu ildə Ərzincandan Ankaraya çağrılan və bir müddət vəzifəsiz qalan “super vali” 2003-cü ilin yanvarında Dənizliyə təyinat aldı. Gözünün çəp görməsindən əziyyət çəkən Rəcəb Yazıcıoğlu həmin il sentyabrın 2-də Ankaraya həkimə gedərkən sürücü idarəetməni itirdi və avtomobil istinad divarına çırpıldı. Ağır yaralanan vali 6 gün sonra vəfat etdi.

Onun adı bir çox yerlərə, o cümlədən Başpinar körpüsünə verilib. Həyatı əsasında “Körpü” romanı yazılıb, “Körpü” serialı və “Vali” filmi çəkilib. Faruk Yazıcı adlı baş qəhrəmanın rolunu Erdal Beşikçioğlu ifa edir.

2024-cü ilin bələdiyyə seçkilərində Rəcəb Yazıcıoğlunun oğlu Mehmet Kamal Yazıcıoğlu MHP namizədi kimi Tokat bələdiyyə sədri, filmdəki obrazını canlandıran tanınmış aktyor Erdal Beşikçioğlu isə CHP-dən Ankaranın şəhər daxilindəki Etimesgut rayonun bələdiyyə sədri seçildi.

P.S. Rəcəb Yazıcıoğlu özü heç bir partiyanın üzvü olmayıb.

Seçilən
33
vaxt.az

1Mənbələr